AZ

Abortlar 3 ildə 7 faizdən çox artıb - həm də elə yaş qruplarında ki…


Azərbaycanda abortların sayının artması ciddi narahatlıq doğurur. Təkcə son üç ilin statistikası göstərir ki, bu istiqamətdə müvafiq təbliğat və maarifləndirmə işlərinə baxmayaraq, vəziyyət düzəlmir. Rəqəmlər mövcud durumun daha da pisləşməsindən xəbər verir.

Dövlət Statistika Komitəsinin "Azərbaycanda kişilər və qadınlar" məcmuəsində qeyd edilib ki, Azərbaycanda 15-49 yaşlı hər min qadın arasında 2022-ci ildə 22.1 %, 2023-cü ildə 27.9 %, 2024-cü ildə isə 29.4 % abort halları qeydə alınıb. Statistik rəqəmlərdən də bəlli olur ki, ölkədə abort sayı ildən-ilə artır. Aparılan təbliğat da heç bir effekt vermir. Bəs, görəsən, problemin həlli yolları varmı?

Əhməd Qəşəmoğlu: “Boşanmalar artdıqca abortların sayı da artacaq”

Sosioloq Əhməd Qəşəmoğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu istiqamətdə aparılan təbliğat və maarifləndirmə işləri qənaətbəxş deyil: “Abortların qarşısının alınması yönündə atılan addımlar kortəbii xarakter daşıyır. Bununla bağlı sosial siyasət dəyişməli, ümumi fəaliyyət planı hazırlanmalıdır. Yoxsa insanlara “ayıbdır, günahdır, abort etməyin” deməklə bu məsələ həllini tapmaz. Əsas səbəbləri aydınlaşdırmaq lazımdır. Bir tərəfdən ciddi elmi əsaslarla, yeni metodla maarifləndirmə olmalıdır. Digər tərəfdən, bu sahədə müəyyən bir hüquqi təzyiq yaradılmalıdır. Abortların artması ailədaxili gərginliklərlə bağlıdır. Əsasən abortların bir çoxu ikinci və ya üçüncü uşaqdır. Bu da onunla bağlıdır ki, ailələrin çoxunda gərginlik var. Gərginlik olan ailələr də boşanma ərəfəsində olurlar, ona görə də istəmirlər ikinci və ya üçüncü uşaq olsun. Boşanmalar artdıqca abortların sayı da artacaq”.

Pərvanə Mustafayeva: “Selektiv abortları edənlər cəzalandırılsa, inanıram ki, ümumi abort sayında da azalmanı müşahidə edə bilərik”

Həkim Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, problemi maarifləndirmə, təbliğat aparmaqla aradan qaldırmaq mümkün deyil: “Abortlarla bağlı inzibati qaydada təsir mexanizmləri olsa, vəziyyət müəyyən qədər dəyişə bilər. Çalışmaq lazımdır ki, insanlar özləri bunu dərk eləsinlər. Abortların sayını azaltmaq üçün maarifləndirmə ilə yanaşı, qanunların işləkliyini artırmaq lazımdır. Bu gün abort qanunla qadağan edilsə belə, yenə də cinsiyyət bilindikdən sonra abort halları baş verir və gələcəkdə də verəcək. Çünki cəza mexanizmləri yoxdur. Selektiv abortları edənlər cəzalandırılsa, inanıram ki, ümumi abort sayında da azalmanı müşahidə edə bilərik.

Abortun fəsadları onsuz da kifayət qədər çoxdur. Bu haqda o qədər danışılıb, internetdə də qısa araşdırmaqla bilgi əldə etmək olar. Qısacası, ana üçün həyati risq deməkdir”.

Günel CƏLİLOVA

Seçilən
49
baki-xeber.com

1Mənbələr