AZ

İlham Əliyev yeni dünya düzəninin daha bir unikal tezisini ifadə etdi...


Tural İsmayılov: “Prezident bu sözlərlə, həm də Azərbaycanın son illərdə qlobal tribunalarda tutduğu fəal mövqeyin ideoloji əsasını qoyur”

Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Asiya Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçılarına müraciətində yeni dünya düzəninin humanist və inklüziv əsaslar üzərində qurulduğunu, bu tədbirin də ona xidmət etdiyini bəyan edib.

Prezident Əliyevin müraciətində bildirilir: “...ICAPP Asiya Mədəniyyət Şurası qitənin mədəniyyətlərarası dialoq potensialının üzə çıxarılmasında vacib platformadır. Asiya Mədəniyyət Şurasının bu dəfəki iclasının mərkəzi mövzusu bəşəriyyətin ən aktual prioritetləri ilə üst-üstə düşərək yeni qlobal nizamın humanist və inklüziv əsaslar üzərində qurulmasına xidmət edir”.

Bu nə deməkdir? Hansı anlamı ifadə edir?

“...Dünya yeni mərhələyə keçir və bu mərhələnin mərkəzində kiçik, amma prinsipial və ədalət tələb edən dövlətlər dayanacaq”

Siyasi ekspert Tural İsmayılov baki-xeber.com-a bildirdi ki, Prezidentin “yeni qlobal düzən humanist və inklüziv əsaslar üzərində qurulmalıdır, bu tədbir ona xidmət edir” fikri əslində çoxkodlu bir bəyanatdır:

“Burada həm dünya siyasətinə mesaj, həm də Azərbaycanın qlobal baxışı var.

İlham Əliyev faktiki olaraq deyir ki, bu gün dünyada ədalət yoxdur, beynəlxalq sistem sıradan çıxıb. Güc mərkəzləri insanı, dəyərləri və ədaləti unudublar. Ona görə də yeni sistem qurulmalıdır - amma bu dəfə insan mərkəzli və bərabərlik üzərində. “Humanist və inklüziv” ifadələri diplomatik dildə “Qərbin təkbaşına diqtə etdiyi oyun qaydaları bitib” deməyin sivil formasıdır.

İnklüzivlik o deməkdir ki, artıq bir qrup dövlət deyil, bütün bəşəriyyət bu sistemin iştirakçısı olmalıdır”.

T.İsmayılovun fikrincə, yəni qərarlar təkcə Vaşinqton və ya Brüsseldən yox, Bakıdan, Ankaradan, Pekindən, Dehlidən də gəlməlidir. O qeyd etdi ki, humanistlik isə güc siyasətinin yerini insanların rifahı, ədalət və sülh mərkəzli yanaşmanın alması deməkdir.

“Prezident bu sözlərlə həm də Azərbaycanın son illərdə qlobal tribunalarda tutduğu fəal mövqeyin ideoloji əsasını qoyur. Bakı uzun müddətdir deyir ki, beynəlxalq münasibətlər ədalətli deyil, BMT mexanizmləri köhnəlib, ədalət prinsipini təmsil etmir. İndi bu fikir artıq regional deyil, qlobal manifest kimi səslənir.

Əslində, bu bəyanat Qərbə qarşı yönəlmiş açıq ittiham deyil, amma Qərbin yaratdığı nizamın çökməsini vurğulayan xəbərdarlıqdır. Prezident demək istəyir ki, dünya yeni mərhələyə keçir və bu mərhələnin mərkəzində kiçik, amma prinsipial və ədalət tələb edən dövlətlər dayanacaq.

Yəni bu cümlə sadəcə “diplomatik bəzək” deyil, Azərbaycanın yeni ideoloji və siyasi özünütəsdiq bəyanatıdır.

Qısası: Güc siyasəti bitir, ədalət dövrü gəlməlidir. Təkqütblü sistem bitib, çoxmərkəzli və inklüziv dünya yaranır.

Azərbaycan bu yeni düzənin fəal iştirakçısı olmaq istəyir, müşahidəçi yox”-deyə T.İsmayılov qeyd etdi.

T.İsmayılovun fikrincə, Prezidentin bu çıxışı ilə verilən əsas mesaj budur:“Biz artıq dünyada tamaşaçı yox, oyun qurucusuyuq”.

İradə SARIYEVA

Seçilən
44
baki-xeber.com

1Mənbələr