AZ

Mehriban Əliyevanın Vatikan səfəri dünyaya mesaj oldu - ŞƏRH

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikan səfəri barədə “X” hesabında paylaşım edib.
Hikmət Hacıyev Mehriban Əliyevanın səmərəli görüşlərinin, o cümlədən Roma Papası XIV Leo ilə görüşünün Azərbaycanın dinlərarası anlaşma və mədəniyyətlərarası dialoqa sadiqliyini nümayiş etdirdiyini bildirib.

Onun sözlərinə görə, Azərbaycanın katolik xristian irsinin bərpasına verdiyi dəstək və bu sahədə uzunmüddətli əməkdaşlığı ölkənin tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə sadiqliyini təsdiqləyir. 



Hikmət Hacıyev qeyd edib ki, müsəlman əhalinin çoxluq təşkil etdiyi, eyni zamanda xristian, yəhudi və digər dinlərin nümayəndələrinin dinc yanaşı yaşadığı dünyəvi Azərbaycan bu gün inklüzivlik, dözümlülük və multikultural harmoniyanın parlaq nümunəsidir.
O əlavə edib ki, qadınların gücləndirilməsi və bərabər imkanların təminində mühüm təcrübəyə malik Azərbaycan Cənubi Qafqazı sülh və sabitlik məkanına çevirərək, qlobal miqyasda sülh, dialoq və əməkdaşlığa əsaslanan müsbət gündəliyi irəli aparır.


Milli Cəbhə Partiyasının başqan müavini, ilahiyyatçı Tural İrfan Sherg.az-a deyib ki, Azərbaycan Respublikası ümumiyyətlə tolerantlıq sahəsində dünyada bir çoxlarına nümunə olacaq ölkədir:

"Bu tolerantlıq xalqımızın genetik xüsusiyyətlərindən və tarixi ənənələrindən gəlsə də dövlətin rolu da burada çox böyükdür. Çünki dövlət səviyyəsində tolerantlıq məsələsinə ciddi diqqət ayrılır, işlər görülür və bu məsələ hər zaman nəzərdə saxlanılır. Azərbaycanda dinlərə dözümlü yanaşma, fərqli inanclara tolerant münasibət, multikultural dəyərlərin yaşadılması həmişə önəm kəsb edib. Dünyada əsas üç xristian məzhəbi var ki, binalardan ən çox mənsubu olan Katoliklikdir. Dünya xristianlarının təxminən 1 milyard 200 mini katolikdir. Azərbaycanda da Katolik kilsəsi və Roma Papasının nümayəndəsi var. Hətta yeni digər bir kilsə də tikiləcək. Dövlət səviyyəsində Roma Papası və Vatianla münasibətlərin həmişə yüksək olması ölkəmizə bir çox yönlərdən fayda gətirir. Mütəmadi olaraq görüşlər keçirilir, səfərlər baş tutur, qarşılıqlı əlaqələr inkişaf edir. Azərbaycan Respublikasın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikan səfəri də çox əhəmiyyətli və yaddaqalan oldu. Səmərəli görüş dinlər və mədəniyyətlərarası dialoqa, anlaşmaya Azərbaycanın hər zaman sadiqliyinin bariz nümunəsidir. Vatikan və Roma Papası xristian aləmində böyük mənəvi üstünlüyə, nüfuza malikdir. Azərbaycanın bu cür əlaqələri, yaxın münasibətləri ölkəmizin dəyərlərə, mədəniyyətlərə, dinlərə qarşı olan yüksək tolerantlıq siyasətinin təzühürüdür. Mehriban xanım Əliyevanın Vatokanda yüksək səviyyədə qarşılanması və keçirilən görüşlər, Roma Papası 14-cü Leo ilə fikir mübadiləsi bir daha dövlətimizin dinlərarası anlaşma və mədəniyyətlərarası dialoqa sadiqliyini təsdiq etmiş oldu. Açıq demək lazımdır ki, heç bir müsəlman ölkəsində Azərbaycan qədər xristianlara, yəhudilərə tolerant münasibət yoxdur. Azərbaycanda isə inancına görə heç kəs təqib olunmur, təziqə məruz qalmır, incidilmir. Əksinə, dini konfessiyaların fəaliyyətinin sağlam olması üçün dövlət onlara maddi, mənəvi dəstək olur. Müsəlmanlar Katolik kilsəsinə gedir, onlar müsəlmanların tədbirlərinə, məclislərinə qatılır və qarşılıqlı dostluq, qohumluq, iş birliyi nümayiş etdirirlər. Azərbaycanın bu tolerantlıq nümunəsi dünyanın bir çox ölkəsinə nümunədir".

İlahiyyatçı əlavə edib ki, istər müsəlman təriqət və məzhəbləri arasında, istərsə də qeyri - müsəlman din və təriqətləri arasında mövcud olan tolerantlığın davamlı olması və daha da möhkəmlənməsi üçün dövlət əhəmiyyətli işlər görməkdədir:
 
"Məhz bu nəticə Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikan səfərində də özünü büruzə verdi. Azərbaycanın ümumiyyətlə dünyada sülhə, sabitliyə, dinlərarası dialoqa verdiyi töhfələr hər zaman yüksək qiymətə layiq olub. Bu həqiqət Roma Papaları da daxil olmaqla dünyanın nüfuzlu dini liderləri tərəfindən ifadə edilib. Xüsusilə qeyd etmək lazımdır ki, bu dəyərlərin yaşadılmasında və inkişaf etməsində, dinlər və mədəniyyətlərarası tolerantlıq və beynəlxaq multikultural dəyərlərin töhfə verməsində, dialoq və anlaşmaların hətta keçirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın böyük, əhəmiyyətli rolu var".
Seçilən
90
50
sherg.az

10Mənbələr