AZ

Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikan səfəri qlobal humanitar diplomatiyaya tarixi töhfədir – ŞƏRH

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri qlobal humanitar diplomatiyaya tarixi töhfə, dini-bəşəri dəyərlərə sonsuz ehtiramın nümunəsidir. Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikan səfəri bir çox baxımdan mühüm əhəmiyyətə malikdir. Bu səfərin qayəsini Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpasının açılışı təşkil edirdi. Birinci vitse-prezident səfər əsnasında Roma Papası XIV Leo, Vatikanın dövlət katibi kardinal Pietro Parolinlə görüşüb. Görüş zamanı qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi, bu əməkdaşlığın ümumbəşəri əhəmiyyəti qeyd olunub. Səfər zamanı Bakıda ikinci Katolik Kilsəsinin inşası ilə bağlı Azərbaycan dövlətinin qərarı da elan edilib və bu qərar Vatikan rəhbərliyi tərəfindən təqdirlə qarşılandı.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov bildirib.

O deyib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikana son səfəri bir sıra mühüm yeniliklərlə əlamətdardır:“ Azərbaycanın Birinci vitse-prezidentinin Vatikan səfəri xalqımızla, dövlətimizlə bağlı bir sıra həqiqətləri yenidən aktuallaşdırdı. Bu səfər sübut etdi ki, Azərbaycan dövləti humanitar diplomatiyaya mühüm önəm verir, bunu bütün bəşəriyyətin inkişafı, onun dəyərlərinin qorunub-saxlanılması baxımından zəruri hesab edir. Bu mənada Birinci vitse-prezident Mehriban Əliyevanın Vatikan səfəri qlobal humanitar diplomatiyaya tarixi töhfədir. İkincisi, Birinci vitse-prezidentin Müqəddəs Taxt-Taca rəsmi səfəri və bu səfər əsnasında keçirdiyi görüşlər göstərdi ki, Azərbaycan xalqı ümumbəşəri dəyərlərə, bu dəyərlərin qorunub saxlanılmasına və gələcək nəsillərə ötürülməsinə böyük önəm verir. Azərbaycan dövləti milli dəyərlərlə yanaşı, ümumbəşəri dəyərləri hifz etmək üçün ardıcıl və effektiv səylər ortaya qoyur, sadəcə nəzəri deyil, praktiki baxımdan da ciddi işlər görür. Birinci vitse-prezident Mehriban Əliyevanın bu səfəri, eyni zamanda, sübut etdi ki, Azərbaycan xalqı həqiqətən də tolerantdır və dini mənsubiyyətindən asılı olmayaraq, bəşər mədəni irsinə daxil olan bütün dini-tarixi və mədəni abidələrin mühafizəsinə həyati önəm verir. Bunu sadəcə xarici ölkələrdə yerləşən sivilizasiya nümunələrinə deyil, Azərbaycandakı dini-mədəni abidələrə münasibətdə də görmək mümkündür. Təkcə bir faktı qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən torpaqlarımızda dağıdılan bütün abidələr dini mənsubiyyətindən asılı olmayaraq tam bərpa edilib və bu proses davam edir”.

Polkovnik qeyd edib ki, Birinci vitse-prezidentin Vatikan səfəri və bu zaman səsləndirdiyi fikirlər digər xalqlar və dövlətlər üçün də konkret çağırış və mesaj hesab oluna bilər: “Birinci Vitse-prezident Mehriban Əliyeva Vatikan səfəri, bu səfər əsnasında görülən işlər və səsləndirdiyi fikirlərlə sübut etdi ki, planetimizin gələcəyi, Yer kürəsində sülhün və təhlükəsizliyin qorunub-saxlanılması beynəlxalq əməkdaşlıqdan, ümumbəşəri dəyərlərə sahib çıxmaqdan, dinlərarası və mədəniyyətlərarası dialoqu daim inkişaf etdirməkdən əhəmiyyətli dərəcədə asılıdır. Məhz bu sahədə həyata keçirilən səmimi əməkdaşlıq, gerçək həmrəylik dünyamızdakı bütün sivilizasiyaları xilas edə, onları qarşıdurmadan uzaqlaşdıraraq uzlaşma fonunda inkişaf etdirməyə imkan verə bilər”.

 

Seçilən
14
2
azertag.az

3Mənbələr