AZ

Türk ölkəsində gözlənilməz vəziyyət: Qonşu dövlətlə birləşirlər?

BAKI, 20 oktyabr. TELEQRAF

Ötən gün Şimali Kiprdə keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının (CTP) sədri Tufan Ərhürmanın qələbəsi heç də birmənalı qarşılanmayıb. Əslində seçkilərdə müxalif partiya nümayəndəsinin qalib gəlməsində iqtisadi səbəblər daha çoxdur. Ərhürmanın şüarlarında konfederativ dövlət (Şimalı Kiprlə Cənubu Kiprin birləşməsi) amili önə çəkilsə də, digər amillər daha güclü idi.

Bu sözləri Teleqraf-a ReAl Partiyasının sədri Natiq Cəfərli deyib.

Partiya sədri vaxtilə “Annan Planı” (BMT-nin keçmiş baş katibi Kofi Annanın adını daşıyan plan) türk və yunan hissələrinə bölünmüş Kipr adasının müstəqil dövlətdə birləşməsinin təklif edildiyini xatırladıb: “Buna isə o vaxt Şimalı Kipr razılıq versə də, Cənubi Kipr dəstək verməmişdi. Ona görə də hazırki reallıq Ərhürmanın istək və arzuları ilə bağlı deyil. Cənubi Kipr konfederativ dövlət modelində birgə yaşayışa razı olmur. Onlar bütövlükdə bölgənin Kiprə daxil edilməsini istəyir. Bu mənada Ərhürmanın siyasi şüarları Türkiyədə narahatlıq yaratsa da, bu ciddi proseslərə yol açmayacaq”.

Natiq Cəfərliyə görə, ŞKTC-nin Prezidenti Ərsin Tatarın seçkilərdə məğlubiyyəti birbaşa iqtisadi amillərlə bağlıdır:

“Şimali Kiprdə yüksək inflyasiya var. Son üç ildə ölkədə tək lirə ilə deyil, dollar və avro müstəvisində artım mövcuddur. Mənzil və ərzaq qiymətlərinin artması narazılığı gücləndirib. Ərsin Tatar da məhz iqtisadi problemləri həll edə bilmədiyinə görə seçkilərdə Ərhürmana uduzdu. Siyasi şüarlarla bağlı narahatlıq olsa da, onun reallaşması mümkün deyil. Şimali Kiprlə Türkiyə arasında ciddi fikir ayrılıqlarının olacağı ehtimalı azdır. Mövqelərdə müəyyən korreksiyalar olsa belə Şimali Kipr Türkiyədən asılıdır. Təhlükəsizlik, iqtisadi məsələlər bir yana qalsın, içməli su belə Türkiyədən alınır”.

Seçilən
109
teleqraf.com

1Mənbələr