Ana Vətən Partiyasının bu gün keçirilən növbədənkənar qurultayında qalmaqal yaşanıb.
Heftelik.az-ın APA-ya istinadən xəbərinə görə, AVP-nin hazırkı sədri Fəzail Ağamalının qızı Günay Ağamalı və oğlu Elçin Ağamalı partiya sədri postuna iddialı olub.
Günay Ağamalı və Elçin Ağamalı arasında qalmaqal yaşanıb.
Fəzail Ağamalı deyib ki, Elçin Ağamalı qurultayın işini pozmaq istəyib və yaranmış vəziyyətdə qurultay nümayəndələri Fəzail Ağamalının növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəkləyiblər.
Günay Ağamalının köməkçisi isə açıqlamasında Fəzail Ağamalının postunda qaldığını, Günay Ağamalının daha sonra qurultayda baş verənlərə münasibət bildirəcəyini söyləyib.
Elçin Ağamalı isə bildirib ki, Ana Vətən Partiyasının bu gün keçirilən növbədənkənar qurultayında partiyanın yeni sədri seçilib.
Elçin Ağamalı deyib ki, qurultayda atası Fəzail Ağamalı sədr postundan istefa verib: “Sədr postuna 4 nəfər namizəd olub. Günay Ağamalının namizədliyini Fəzail Ağamalı özü irəli sürüb. Mənim namizədliyi qurultay nümayəndələr tərəfindən irəli sürülüb. Fəzail Ağamalı mənim qurultayda çıxışıma imkan verməməyə çalışdı, təkidlərimdən sonra çıxış üçün 5 dəqiqə vaxt aldım. Qurultay nümayəndələrinin mənə münasibətini görən Fəzail Ağamalı zalın işığını söndürtdürməyə çalışdı. Buna baxmayaraq 155 qurultay nümayəndəsinin 100-dən çoxunun səsi ilə mən sədr seçildim”.