AZ

Gənclər arasında ürək problemləri niyə artır?

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

2007-ci ilin yayında İspaniya futbol komandaları Sevilla və Getafe arasında keçirilən matçda Sevillanın 22 yaşlı yarımmüdafiəçisi Antonio Puerta qəfildən yerə yıxıldı.

Komanda yoldaşları onun boğulmasının qarşısını almaq üçün dilini çölə çıxartdı. Təcili tibbi yardımın müdaxiləsindən sonra Puerta özünə gəldi və meydanı yeriyərək tərk etdi.

Lakin klub həkimlərinin dediyinə görə, o, paltardəyişmə otağında bir və ya bir neçə dəfə ürək tutması keçirdi və xəstəxanaya aparıldıqdan üç gün sonra vəfat etdi.

Otopsiya nəticələri göstərdi ki, Puerta müalicəsi mümkün olmayan genetik ürək xəstəliyindən əziyyət çəkirmiş.

Amma bu xəstəlik futbolçularda müntəzəm aparılan tibbi müayinələr zamanı aşkarlanmamışdı.

Bundan üç il əvvəl də Portuqaliyanın Benfika komandasının 24 yaşlı macar futbolçusu Miklos Feher həyatını itirmişdi.

Bu iki hadisə FİFA və UEFA-nın böyük turnirlərdən əvvəl tənəffüs və ürək-damar testlərini məcburi etməsinə səbəb oldu.

Futbol meydanlarında baş verənlər qədər görünən olmasa da, 20 və ya 30 yaşlarının əvvəllərində, fiziki olaraq ağır işlərlə məşğul olmadıqları halda qəfil və gözlənilməz ürək tutması nəticəsində ölən çoxlu sayda insan var.

Biz ürək tutması hallarının artıb-artmadığını və əgər artıbsa, bunun arxasında hansı səbəblərin dayana biləcəyini mütəxəssislərdən soruşduq və bəzən təəccüblü cavablar aldıq.

Hallarda "narahatedici artım"

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən King's College Hospital London-dan ürək-damar cərrahı James Aitchison deyir ki, ürək-damar xəstəliklərinə təsir etdiyi bilinən amillərdə 20 faiz artım göstərən məlumatları görəndə təəccüblənib.

Livanın Beyrut Amerika Universitetində kardiologiya professoru olan Samir Alam isə son 10 ildə gənclərdə ürək tutması və insult hallarının kəskin artdığını, ölüm nisbətlərinin də "narahatedici dərəcədə yüksəldiyini" bildirir.

ABŞ-da aparılan bir araşdırma da 30-45 yaş arası insanlarda ürək xəstəliklərinin son 15 ildə 50 faiz artdığını göstərmişdi.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ürək-damar xəstəlikləri dünyada ölümün bir nömrəli səbəbidir.

2019-cu ildə dünyada baş verən bütün ölümlərin 32 faizini təşkil edən 17,9 milyon insanın ölümünə ürək-damar xəstəlikləri səbəb olub.

Bu ölümlərin 85 faizi isə iki əsas səbəbdən qaynaqlanıb: ürək tutması və insult.

Bunun əsasən kişilərə təsir edən bir problem olduğu düşünülür, lakin bu, doğru deyil: ürək-damar xəstəlikləri həm kişilər, həm də qadınlar arasında birinci ölüm səbəbidir.

"Ölümcül qarışıq"

Hər iki həkim bu artımın potensial səbəbləri kimi ürək damarlarına mənfi təsir edən bəzi amillərə diqqət çəkir: həyat tərzindəki dəyişikliklər, televizor qarşısında və ya əllərdə telefonla uzun müddət oturmaq, qeyri-sağlam və yağlı fast food istehlakı…

Aitchison bu gün gənclərin daha az hərəkət etdiyini, məsələn, bəzilərinin işə getmək üçün belə, piyada getmədiyini deyir.

Ümumi tövsiyə isə hər həftə ən azı üç gün ərzində 30 dəqiqəlik aktiv fiziki məşqlər etməkdir. Aktiv fiziki məşqdən məqsəd tər ifrazını, ürək döyüntülərinin sürətlənməsini və sonrasında müəyyən yorğunluğa səbəb olan fəaliyyətlərdir.

Hər iki həkim artan piylənmə, yüksək qan təzyiqi, yüksək xolesterin, diabet və tütün istifadəsini gənclər arasında ürək problemlərinin artmasının əsas səbəbləri kimi göstərir.

Aitchison gənclər arasında elektron siqaretlərin adi siqaretlərə nisbətən daha təhlükəsiz olduğuna dair inancın geniş yayıldığını xatırladaraq deyir:

"Bəli, elektron siqaret çəkərkən yuxuya getsəniz, eviniz yanmaz, amma nikotin səviyyələri adi siqaretlərdən daha yüksək ola bilər və bu da damarlarınızı tıxayıb ürək tutmasına səbəb ola bilər".

Əksər e-siqaretlər heç bir nəzarət olmadan istehsal olunur və ürək xəstəliklərinə əlavə olaraq, "popkorn ağciyəri" və ya ciddi allergik reaksiyalar kimi ölümcül ola biləcək problemlərə də yol aça bilər.

Aitchison deyir:

"20 yaşlarında ağciyər transplantasiyasına ehtiyacı olan və ya e-siqaretlər səbəbindən ölən gəncləri görürəm".

O əlavə edir: "Siqaret çəkməyin. E-siqaret istifadə etməyin. Nargilə çəkməyin".

Prof. Samir Alam passiv siqaret çəkmənin də ürək tutması riskini artırdığını vurğulayır.

Bundan əlavə, Covid-19-un da ürək-damar sisteminə mənfi təsirlər göstərdiyini bildirir. Bəzi araşdırmalar Covid-19-u ürək tutması, insult və vaxtsız ölüm ilə əlaqələndirmişdi – üstəlik, xəstəliyi keçirdikdən üç il sonra belə bu risk yüksək olaraq qalırdı.

Çoxmu stresliyik?

Bəzilərinə görə, müasir həyatın xroniki stresi də ürək-damar xəstəliklərinin arxasında dayana bilər.

Prof. Samir Alam stres və ürək problemləri arasında birbaşa əlaqə olduğunu göstərən elmi araşdırmaları xatırladaraq deyir:

"Stresin təsiri böyük və əhəmiyyətlidir. Psixoloji stresin birbaşa təsiri var. Beynin stres altında bədənə göndərdiyi siqnallar damarların sərtləşməsinə səbəb olur.

Stres yalnız birbaşa ürək tutmasına səbəb olmaqla qalmır, həm də uzun müddətdə ürək tutmasını tətikləyə biləcək problemlərə yol aça bilər.

Stres həmişə həyatımızda olacaq bir şeydir. Lakin hər kəs özü stresdən qurtulmağın və ya ondan ən az ziyanla çıxmağın yolunu tapmalıdır".

Aitchison stresin ürək tutmasında rol oynadığını qəbul etsə də, onun əsas səbəb olmadığını bildirir:

"Buradakı faktorların yarısı valideynlərimizdən gələn genlərdən, digər yarısı isə həyat tərzimizdən qaynaqlanır.

Amma iş və ya gündəlik həyatın problemlərindən qaynaqlanan stres ürək problemlərini artıra bilir.

İşini itirməkdən narahat olan insanların ürək problemi yaşama ehtimalı 20 faiz daha çoxdur.

Bundan əlavə, subay şəxslərin də evlilərlə müqayisədə daha çox ürək problemi yaşama ehtimalı var.

Lakin bu fərq evliliyin özündən deyil, həyatınızı paylaşdığınız və sizi önəmsəyən birinin olmasından qaynaqlanır".

Bədənlərimiz stresə düşdükdə kortizol adlı hormon ifraz olunur.

Araşdırmalar göstərir ki, uzun müddət stres səbəbindən yüksək olan kortizol səviyyələri xolesterin, diabet və qan təzyiqi kimi problemlərə yol aça bilər və bu problemlər də ürək xəstəliklərində mühüm rol oynayır.

Xroniki stres damarlarımızda kalsium səviyyəsini də artıra bilər və bunlar damarlarda yığıldıqda tıxanmaya və ölümcül ürək tutmasına səbəb ola bilər.

Şəhər səs-küyünün görünməyən təsiri

Prof. Samir Alam ürək tutmalarının artmasına səbəb olan "ölümcül qarışıq"ın tərkibini izah edərkən qlobal istiləşmə və çirklənmənin də rolunu vurğulayır:

"Çirklənmə dedikdə yalnız toz, tüstü və ya hava çirklənməsini yox, həm də səs-küy çirklənməsini və onun yuxuya təsirini nəzərdə tuturuq.

Bəzi araşdırmalar göstərir ki, şəhər səs-küyü gənclərdə ürək tutması riskini ciddi dərəcədə artıra bilər – hətta ənənəvi risk faktorları aşağı olan gənclərdə belə".

Alam əlavə edir ki, bu faktorlar çox vaxt bizim nəzarətimizdə olmur:

"Əvvəllər 40 yaşlarında ürək tutmasından ölən biri olanda səbəb, adətən, genetik faktorlar hesab olunurdu. Bu gün isə vəziyyət fərqlidir."

Necə qoruna bilərik?

Prof. Samir Alam bildirir ki, fərdlərin sağlamlığı yalnız həkimlərin məsuliyyətində deyil, bu məsuliyyət fərdlər, onların həkimləri və səhiyyə qurumları arasında paylaşılmalıdır.

Onun ilk tövsiyəsi belədir: "Siqareti buraxmaq və yediklərimizə diqqət etmək üçün 50 yaşımıza çatmağımızı gözləməməliyik. Analar uşaqlarına verdikləri qidanın və südün keyfiyyətinə diqqət etməlidir.

Uşaqlıqda bəzi faktorlar sonrakı yaşlarda ürək xəstəliyi riskini artıra bilər. Xəstəliklərin qarşısının alınması beşikdən qəbirə qədər davam edən bir prosesdir".

Alam sağlamlıq müayinələrinin çox vacib olduğunu vurğulasa da, hamının maddi vəziyyətinin buna imkan vermədiyini də etiraf edir və əlavə edir:

"Bu səbəbdən qarşısının alınması tədbirləri müayinələrdən daha vacibdir".

Kişilərə 40 yaşından, qadınlara isə 45 yaşından etibarən müntəzəm ürək müayinələri tövsiyə olunur.

Prof. Alam xatırladır ki, dünya miqyasında ən geniş yayılmış ölüm səbəbləri ürək tutması və xərçəngdir və ürək sağlamlığı üçün etdiyimiz işlərin çoxu xərçəng riskini də azaldır:

"Elm aydındır. Bu gün aydın olmayan yeganə şey fərdlərin və cəmiyyətlərin buna nə qədər əməl edəcəyidir.

Bir problem ortaya çıxana qədər sağlamlığınızı laqeyd yanaşıb, yalnız ondan sonra həkimə getmək məntiqsizdir".

Seçilən
52
bbc.com

1Mənbələr