Xəbər verildiyi kimi, Astara rayonunda 17 yaşlı Əfsanə Maqsud qızı İmanova həyatını itirib.
MÖVZU İLƏ BAĞLI:
Astarada DƏHŞƏT – 17 yaşlı hamilə qız toy gecəsi həyatını İTİRDİ - FOTO
Yeniyetmə qızın toy mərasimindən sonra səhhəti pisləşib. Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Bizim.Media hadisənin təfərrüatlarını araşdırıb. Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xəqani Xalıbov saytımıza açıqlamasında bildirib ki, toy mərasimində iştirak edən hər iki gənc Dolu kənd sakini olub.
Onlar qeydiyyatda Astarada olsalar da, ailələri ilə birlikdə Bakının Zirə qəsəbəsində yaşayır və işləyirmişlər.
“Adətən belə ailələrdə övladlar 9-cu sinifdən sonra məktəbi tərk edib işləməyə gedirlər.
Bizimlə də az təmasda olurlar. Qız 7 aylıq hamiləymiş. Valideynlər bu vəziyyəti gizlətmək üçün tələsik toy təşkil ediblər. Toy oktyabrın 28-də saat 13:00-da başlayıb, lakin bir saat sonra qızın vəziyyəti qəfil pisləşib. O, dərhal xəstəxanaya aparılıb.
Müayinə zamanı məlum olub ki, 7 aylıq döl artıq bətnində ölüb.
Təəssüf ki, saat 15:00 radələrində qızın özü də dünyasını dəyişib,” – deyə Xəqani Xalıbov bildirib.
O, cütlüyün nişanlı olduğuna dair məlumatının olmadığını da qeyd edib.
Hadisə ilə bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
Alçina Amilqızı, Bizim.Media