AZ

Ürək transplantasiyasını icra edən həkim: Xəstənin hazırda vəziyyəti keçirdiyi əməliyyata uyğundur

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 31 oktyabr, Günel Türksoy, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Qafqaz regionunda ilk dəfə olaraq meyit donorun ürəyi transplantasiya edilməsi prosesi Azərbaycanda həyata keçirilib. Meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakininə köçürülüb.

Əməliyyatı həyata keçirən Mərkəzi Klinikanın baş həkimi, professor Kamran Musayev bununla bağlı AZƏRTAC-a eksklüziv açıqlama verib.

Kamran Musayev qeyd edib ki, artıq Azərbaycanda meyitdən donor olaraq istifadə olunması prosesinə başlanılıb.

O xatırladıb ki, Prezident İlham Əliyev tərəfindən 2020-ci ildə "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun yenidən təkmilləşdirilərək qəbul edilib: "Artıq 2020-ci ildən etibarən Azərbaycanda meyitdən donor kimi istifadə edilməyə rəsmi şəkildə icazə verilib. Orqan donorluğu və transplantasiyası prosesinin təşkili və əlaqələndirilməsi istiqamətində Səhiyyə Nazirliyi uzun illərdir ki, iş aparırdı. Biz də, həmçinin ürək transplantasiyasının həyata keçirilməsi üzərində işləyirdik. Oktyabr ayında 19 yaşında gənc bir xəstəyə beyin ölümü baş vermiş başqa bir meyitin ürəyini köçürdük. Donorun ailəsinə bu humanist addım üçün təşəkkür edirik. Bu qərar 19 yaşlı gənc bir oğlanın həyatını davam etdirməsinə səbəb oldu. Bu kifayət qədər kompleks şəkildə icra edilmiş bir əməliyyat idi. Mərkəzi Klinika olaraq illərdir ki, bu məsələ üzərində işləyirdik. Başda mən olmaqla, bütün komandanın üzvləri bu prosesə hazır idi. Əməliyyatın icrasında 20 nəfərə yaxın tibb heyət iştirak etdi. Xəstənin hazırda vəziyyəti keçirdiyi əməliyyata uyğundur, kafidir".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
3
azertag.az

4Mənbələr