AZ

Antarktida sularının altında sirli işıqlanma

Antarktida sularının altında peyk müşahidələri zamanı qeydə alınan qəribə işıqlanma alimləri təəccübləndirib. Bu hadisə okeanın kimyəvi tərkibində və bioloji fəaliyyətində gizli dəyişikliklərin göstəricisi ola bilər. 

Hit.az xəbər verir ki, bu barədə "Daily Galaxy" nəşri məlumat yayıb.

İlk baxışda zəif firuzəyi parıltı kimi görünən bu fenomen tədqiqatçıları çaşdırmışdı. Lakin sonradan məlum olub ki, bu işıqlanma, əslində, kokkolitoforidlər adlanan mikroskopik fitoplanktonların genişmiqyaslı çiçəklənməsidir. Bu orqanizmlər kalsium karbonatdan ibarət qabıqlara malikdir və adətən isti sular üçün xarakterikdir.

Alimləri ən çox təəccübləndirən isə bu fitoplanktonların soyuq subpolar sularda aşkarlanması olub. Bu kəşf onların ekoloji yayılma arealı ilə bağlı əvvəllər formalaşmış elmi təsəvvürləri şübhə altına alır.

Yeni elmi tapıntı

Okeanologiya laboratoriyasının mütəxəssisi, dəniz bioloqu Uilyam M. Balçın rəhbərliyi altında aparılan araşdırmada müxtəlif dərinliklərdə çoxsaylı ölçmələr həyata keçirilib.

Balç bildirib: “Biz kokkolitoforidlərin yaşayış yerləri barədə təsəvvürümüzü genişləndiririk və nəhayət, bu nadir bölgələrdə peyklər vasitəsilə gördüyümüz mənzərələrin səbəblərini başa düşməyə başlayırıq. Bir neçə fərqli üsulla ölçmə aparmaq daha dolğun mənzərə əldə etməyə imkan verir”.

Alimlərin fikrincə, bu mikroskopik orqanizmlər planetin albedosunun – yəni Günəş işığının əks olunma qabiliyyətinin – tənzimlənməsində mühüm rol oynaya bilər. Onların səthdə yaratdığı işıqlı təbəqə böyük okean ərazilərində istiliyin udulmasına təsir göstərə bilər.

Cənub okeanının bioloji potensialı yenidən qiymətləndirilir

Tədqiqatçılar hesab edirlər ki, Cənub okeanındakı bioloji məhsuldarlıq uzun illər ərzində düzgün qiymətləndirilməyib. Bunun səbəbi sərt iqlim şəraiti və məlumat çatışmazlığıdır.

Müasir dərinlik sensorları, avtonom buylər və kimyəvi izləyicilər vasitəsilə alimlər kokkolitoforidlərin okean axınları, qida maddələrinin dövranı və dəniz buzu ilə qarşılıqlı əlaqəsini modelləşdirməyə çalışırlar.

Araşdırmanın nəticələri göstərir ki, bu orqanizmlərin yaşam arealının cənuba doğru genişlənməsi okeandakı karbonun saxlanması prosesini dəyişə bilər və bu da gələcək iqlim modellərinə təsir göstərəcək.

Antarktidada anomallı istiləşmə

Bundan əvvəl Milli Antarktida Mərkəzi bölgədə anormal istiləşmənin qeydə alındığını bildirmişdi. Ukraynanın “Akademik Vernadski” stansiyasında iyul ayında iki gün ardıcıl olaraq müsbət temperatur müşahidə olunub, yağış və yaş qar yağıb.

Alimlərin sözlərinə görə, son beş ildə stansiyada temperatur nadir hallarda -10°C-dən aşağı düşür, halbuki 1980-ci illərdə bu göstərici qış aylarında -30°C-yə qədər enirdi.

Samir

Seçilən
43
hit.az

1Mənbələr