İtaliya Tennis Federasiyasının (FITP) prezidenti Anjelo Binaci serbiyalı tennisçi, 24 qat “Böyük Dəbilqə” qalibi Novak Cokoviçin bu il Turində keçiriləcək ATP Final turnirində iştirak edəcəyini təsdiqləyib.
90deqiqe.Az-ın məlumatına görə, Binaci bu barədə “Spazio Tennis” nəşrinə açıqlamasında bildirib:
“Bizə rəsmi şəkildə bildirildi ki, Cokoviç Turində çıxış edəcək”
Beləliklə, serb tennisçi 18-ci dəfə ATP Final turnirinə vəsiqə qazanıb və bu göstəricidə isveçrəli əfsanə Rocer Federer ilə bərabərləşib. Cokoviç indiyədək turnirdə 16 dəfə iştirak edib, yalnız 2024-cü ildə zədə səbəbindən mübarizədən kənar qalıb. Federer isə yarışda 17 dəfə oynayıb və yalnız 2020-ci ildə iştirak etməyib.
ATP Final 2025 turniri 9–16 noyabr tarixlərində İtaliyanın Turin şəhərində keçiriləcək. Hazırkı titul sahibi italiyalı Yannik Sinnerdir.