AZ

27 milyonu ölkəyə qaytarmayan şirkət rəhbəri həbs edildi

Nərimanov Rayon Məhkəməsində xarici valyuta vəsaitlərini xaricdən qaytarmamada və vəzifə səlahiyyətlərindən sui-istifadəyə cəhddə təqsirləndirilən Habil Həşimovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına görə, Habil Həşimov tanışı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, rəhbərlik etdiyi qrupun tərkibində əvvəlcədən planlaşdırdıqları vahid niyyətə uyğun olaraq müxtəlif tərəvəz məhsullarını ölkədən ixrac etməklə daha çox qazanc əldə etmək məqsədilə qanunsuz fəaliyyət göstərib.

Belə ki, təqsirləndirilən şəxs bu məqsədlə R.İmanova tapşırıqlar verməklə, MMC-ni 2022-ci ildə onun göstərişi ilə R.İmanovun adına təsis edilərək direktor qismində rəsmiləşdirilməsini təmin edib.

Habil Həşimov xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük, yəni maddi qazanc əldə etmək məqsədilə MMC-nin direktoru qismində Rusiya Federasiyasında, Qazaxıstan və Özbəkistan Respublikasında fəaliyyət göstərən müxtəlif hüquqi şəxslərlə alqı-satqı müqavilələri bağlayıb.

Belə ki, 2023-2024-cü illərdə bir neçə MMC ilə Rusiya, Özbəkistan və Qazaxıstanda fəaliyyət göstərən şirkətlərlə müqavilələr bağlanıb. Bu müqavilələr əsasında MMC-nin adından 01 yanvar 2024-cü il tarixdən – 01 noyabr 2024-cü il tarixinədək 1279 gömrük bəyannaməsi üzrə, həmin dövrün məzənnəsi ilə 27 189 007,60 manat ekvivalentində, yəni 15 993 533,90 ABŞ dolları dəyərində müxtəlif meyvə və tərəvəz məhsulları Azərbaycandan Rusiya, Qazaxıstan və Özbəkistan ərazilərinə ixrac edilib.

Lakin konsiqnasiya yolu ilə ixrac edilən malların müqabilində müvafiq vəsaitlərin 180 gün ərzində Azərbaycandakı müvəkkil banklarda olan hesablara köçürülməsi tələb olunduğu halda, təqsirləndirilən şəxs R.İmanovla qabaqcadan əlbir olmaqla bu vəsaitlərin müvafiq bank hesablarına qaytarılmasını təmin etməyib.

Nəticədə, 27 189 007,60 manat ekvivalentində külli miqdarda xarici valyuta vəsaitləri Azərbaycanın müvəkkil edilmiş bank hesablarına məcburi qaydada köçürülməsinə baxmayaraq xaricdə saxlanılıb, dövlətin iqtisadi maraqlarına zidd olaraq qanunsuz şəkildə mənimsənilib.

Beləliklə, təqsirləndirilən şəxs və R.İmanov bu əməlləri ilə Azərbaycan Respublikasının iqtisadi dayanıqlılığının təmin edilməsi, valyuta bazarında tarazlığın qorunması, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi və inflyasiya təzyiqlərinin azaldılması sahəsində dövlət siyasətinə zərər vurmaqla, qanunla qorunan dövlət mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər yetiriblər. 

Seçilən
18
9
hit.az

10Mənbələr