AZ

Türkiyə KİV: İran PKK Suriya qanadının ləğvinə mane olur

BAKI, 4 noyabr. TELEQRAF

Türkiyə hələlik PKK terror təşkilatının qanadı “Suriya Demokratik Qüvvələri”nin (SDQ) Suriya ordusuna inteqrasiyası istiqamətində konkret addımlar görmür.

Teleqraf xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti rəsmi mənbələrə istinadla məlumat yayıb.

Türkiyə nəşfinin fikrincə, bu prosesə həm xarici, həm də daxili qüvvələr mane olur.

Qəzet xatırladır ki, martın 10-da Suriya Prezidenti Əhməd Şaraa ilə SDQ-nin komandanı Mazlum Kobani arasında imzalanmış sazişə əsasən, təşkilat ilin sonunadək Suriya Silahlı Qüvvələrinə daxil edilməli, ölkənin şimal-şərqində yerləşən bütün mülki və hərbi obyektlər, o cümlədən hava limanları, qaz-neft yataqları Dəməşqin nəzarətinə keçməlidir.

“Hürriyet” qeyd edir ki, ilin sonuna iki aydan az vaxt qalıb, amma sazişin icrası istiqamətində hələ bir addım da atılmayıb.

Nəşrə danışan mənbələrə görə, martda əldə olunmuş razılaşmaların həyata keçirilməsinə ABŞ və Böyük Britaniyadakı müəyyən qüvvələr, İsrail, İran, həmçinin SDQ daxilindəki bəzi qruplar mane olur: “Bu qüvvələr SDQ-nin Suriya ordusuna inteqrasiyasına qarşı çıxır və prosesi sabotaj edirlər”.

Ankara hesab edir ki, SDQ ilkin mərhələdə Deyr əz-Zor bölgəsindən öz bölmələrini çıxara və neft-qaz yataqlarına nəzarəti yeni Suriya hakimiyyətinə təhvil verə bilər. Bundan sonra SDQ-nin nəzarətində olan şimal-şərq keçid məntəqələrinin Dəməşqə təhvil verilməsi mümkündür. Bu addımlar mart sazişinin əsas şərtinin - SDQ-nin Suriya ordusuna inteqrasiyasının həyata keçirilməsini asanlaşdıra bilər.

Seçilən
47
2
teleqraf.com

3Mənbələr