AZ

“Güvən” MMC-yə güvənənlər niyə azalır? - ÖZƏL

"Güvən" MMC-də kütləvi sayda narazılıqlar var.

Redaktor.az bu barədə müstəqil.az-a istinadla xəbər verir. 

Dünən “Xətai 48” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti Xətai rayonu, 8 Noyabr prospekti, 1212-ci məhəllədə yerləşən (yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Ayaz İsmayılov küçəsi, 2, M12) bina sakinləri ilə növbəti görüşünü keçirdi. Sakinlərlə keçirilən görüşün əsas səbəbi uzun müddətdir bina sakinləri arasında narazılıq yaradan “Güvən” MMC-nin fəaliyyəti ilə bağlı idi.

Sakinlərlə söhbət zamanı məlum oldu ki, yuxarıda adı çəkilən şirkətin rəhbərliyi, xüsusilə Ramil Alışov Veysəloğlu, mənzil sahibləri ilə bağlanmış təhvil-təslim qaydalarına əməl etmir, qanunları və sakinlərin hüquqlarını pozmaqda davam edir.

NƏDİR NARAZILIQ?

Bina sakinlərinin sözlərinə görə, “Güvən” MMC-nin rəhbərliyi heç kəsə xəbərdarlıq etmədən kommunal xidmətlərin qiymətini artırıb, eləcə də 320 mənzilli binada istilik sisteminin fəaliyyətinə süni maneələr yaradıb. Haqqında bəhs olunan ünvanda yaşayanların iddialarına görə, şirkət bəzi mənzillərə – xüsusilə öz əməkdaşlarının və qohumlarının yaşadığı evlərə – gizli şəkildə isti su və istilik sistemi çəkməyə cəhd edib. Lakin bu işlərin icrası üçün aidiyyəti qurumlardan heç bir texniki icazə alınmayıb. Qonşuların və polis əməkdaşlarının müdaxiləsi nəticəsində həmin cəhdin qarşısı alınıb.

Sakinlərin fikrincə, bu hadisə sadəcə texniki yox, həm də hüquqi məsuliyyət doğuran qanunsuz hərəkətlərdir. Axı binanın ümumi istifadəsində olan qazanxana sisteminin dayandırılması yüzlərlə ailənin həyatına təsir edir.

QANUNLARA NİYƏ RİAYƏT OLUNMUR?

Əməkdaşın araşdırması nəticəsində məlum olub ki, sakinlərin müxtəlif vaxtlarda etdikləri müraciətlərə baxmayaraq, “Güvən” MMC-nin kimə və nəyə güvəndiyi hələ də sirri-xuda olaraq qalmaqdadır. Belə ki, Bakı şəhərində yerləşən məhkəmə orqanları “Güvən” MMC-nin fəaliyyətinin dayandırılması barədə qərar çıxarsa da, şirkət bu qərara məhəl qoymadan fəaliyyətini davam etdirir. Hətta sakinlərlə razılaşmadan və hesabat vermədən xidmət haqlarını artırmaqdan çəkinmir.

Sakinlər bu məsələ ilə bağlı Xətai Rayon Prokurorluğuna və DİN-in “102” xidmətinə müraciət etsələr də, bu dövlət qurumlarının böyük hərc-mərcliyə səbəb olan özbaşınalığa dərhal reaksiya verməsinə baxmayaraq, şirkət nümayəndələrinin sakinlərin yaşayışına və sağlamlığına maneələr törətməsi hələ də davam edir. Görünür, “Güvən” MMC-nin güvəndiyi gizli mənbə hüquq-mühafizə orqanlarının da hüquqlarına müdaxilə edə bilir. Əks təqdirdə, bu məsələnin həllini tapmaq üçün görəvlərini yerinə yetirərdilər.

“GÜVƏN”in güvənə bildiyi qüvvələr…

Sakinlərin dediklərindən: “Biz dəfələrlə “Güvən” şirkətinin rəhbərliyi ilə sivil qaydada görüşmək, problemləri birgə həll etmək istəmişik. Lakin onlar görüşlərdən yayınaraq vəziyyəti daha da gərginləşdiriblər”.

Sakinlər, həmçinin dövlət rəhbərliyinin tez-tez vurğuladığı “heç kim heç kimdən artıq deyil” prinsipini xatırladaraq, “Güvən” MMC-nin bu prinsipə zidd davrandığını qeyd ediblər və haqlı suallara cavab axtarırlar: Doğrudanmı “Güvən”in güvənə bildiyi o bəlli ünvanda oturanlar ölkə qanunlarını tapdalamaq, ölkə başçısının əhalinin bərabər hüquqlu vətəndaşlar olduğunu dediyini qulaq ardına vururlar? Hər halda suallar çoxdur, bu suallara aydınlıq gətirmək istəyənlər isə yoxdur.

“GÜVƏN” MMC onlara güvənənlərin etimadını heç doğruldubmu?

Problemlər burulğanında “çabalayan” bina sakinlərinin sözlərinə görə, “Güvən” MMC bu illər ərzində müştərilərinə heç vaxt şəffaf və keyfiyyətli xidmət göstərməyib. İş o yerə çatıb ki, mənzillərinə sahiblənmək üçün ödəniş etməyən sakinlərin əksəriyyəti məhz bu səbəbdən – yəni xidmətin səmərəsizliyi və hesabatın olmaması səbəbindən – ödənişdən imtina edib.

Lakin şirkət borcları hüquqi yolla deyil, təzyiq və cəza üsulu ilə həll etməyə çalışır və güvəndiklərinə arxayın olduqlarından qeyri-qanuni və qeyri-etik əməllərini davam etdirirlər.

Əməkdaşın araşdırmasından sonra gəldiyi qənaət budur ki, “Güvən” üçün yaranmış borc təkcə sakinlərə deyil, binadakı ofis mərkəzlərinə və marketlərə də aiddir.

“GÜVƏN” MMC-nin güvənə bildiyi və güvənə bilmədiyi sahə – mətbuat

Sakinlərlə etdiyimiz söhbətdən məlum oldu ki, yaranan narazılıq və insidentlə bağlı dəfələrlə mətbuata da müraciət olunub. Lakin hadisəni işıqlandırmaq üçün gələn televiziya kanalları çəkiliş aparsalar da, nədənsə süjetlər efirə verilməyib. Bu da insanların haqlı səsinin ictimaiyyətə çatdırılmasının məhdudlaşdırılmasıdır. Yaxud “Güvən”ə güvənib də sakinlərin ümidini qırmaq üçün “hərəkət edən” bəzi KİV nümayəndələrinin canfəşanlığının bariz nümunəsidir.

“Xətai 48” MMC və “GÜVƏN” MMC razılığa gələ biləcəkmi?

Hazırda “Xətai 48” Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti hüquqi mübarizəsini davam etdirir. Sakinlər əməkdaşımızla söhbət zamanı bildiriblər ki, məqsədləri qarşıdurma yaratmaq deyil, ədalətli və şəffaf idarəetmə modelinə keçməkdir. Onların fikrincə, hər bir sakinin öz evinə və binasına sahib çıxmaq hüququ var və bu hüquq heç kim tərəfindən tapdalana bilməz. Həm də ədalətli və şəffaf idarəetmə metoduna keçmək, sakinləri incitməmək üçün onların da güvənə biləcəyi ünvan var, bu, sivil və ədalətli ölkənin vətəndaşları olmaları, Azərbaycan qanunlarına və ölkə rəhbərliyinə güvənmələridir.

Sakinlərin tələbi sadədir ədalət, şəffaflıq və bərabər münasibət. Bu, tək bir binanın yox, bütöv bir şəhər icmasının ədalət axtarışıdır.

“GÜVƏN” MMC-nin hara, kimə və nəyə güvəndiyi qaranlıq qalsa da, sakinlər yuxarıda deyildiyi kimi, qanunlara və ədalətə güvənirlər.

2222
Seçilən
44
redaktor.az

1Mənbələr