AZ

Tura baxış: favoritlər qazandı, autsayderlər xalsız qaldı

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan Premyer Liqasında X tur başa çatıb. Favoritlərin qələbə qazandığı turda autsayderlər xalsız qalıb.

Qarabağ – İmişli 2:0

Son çempion ikinci hissədə vurduğu qollarla qələbəyə sevindi. İlk hissədə özündən qat-qat güclü rəqibə qarşı yaxşı müqavimət göstərən “İmişli” oyunu ilə autsayderlər sırasında olmadığını göstərdi. Penalti qazanan və şansını boşa verən bölgə təmsilçisi ikinci hissəyə qədər dirəniş göstərə bildi. Təcrübə və keyfiyyətin ön plana çıxdığı dəqiqələrdə fərqlənən “Qarabağ” turu Çempionlar Liqasında “Çelsi” ilə oyunöncəsi üç xalla başa vurdu.

Karvan-Yevlax – Zirə 2:3

Turun maraqlı qarşılaşmalarından olan görüşdə “Zirə” iki dəfə geriyə düşməsinə baxmayaraq, sonda qələbəyə sevindi. Hər iki hissədə daha üstün oynayan “qartallar” əks-hücumlarda yaxalandı. Sürətli hücum oyunçularına sahib “Karvan-Yevlax” üstünlüyünü qoruya bilmədi. Daha keyfiyyətli heyətə sahib “Zirə” standart vəziyyətlərdən fərqlənməklə aktivinə üç xal yazdırdı.

Neftçi – Kəpəz 5:1

Turun ən qollu qarşılaşması Bakıda oldu. Vensan Abubakarın transferindən sonra ardıcıl iki rəsmi oyunda qələbəyə sevinən “Neftçi” autsayderlə oyuna böyük istəklə çıxmışdı. Hər iki hissədə qollar vuran, daha çox hücum edən və bir neçə dəfə də qol imkanları qaçıran paytaxt klubu inamlı qələbə qazandı. Hücumda Abubakarın gəlişindən sonra keyfiyyət artıb və komandada sonluq problemi demək olar, həll edilib. “Neftçi”nin hücum potensialı növbəti turun “Qarabağ”la matçında daha aydın bəlli olacaq.

“Kəpəz” isə növbəti məğlubiyyətini yaşadı. Mövsümdə cəmi bir qələbəsi olan “sarı-göylər” “qara zolaq”dan çıxa bilmir. Heyətlə bağlı sıxıntılar davam edir. Keyfiyyət ürəkaçan deyil və komandanın qışda güclənməsinə ehtiyac var.

Turan Tovuz – Şamaxı 2:1

Bu mövsüm Tovuzda keçirdiyi ilk oyunda azarkeşlərinin də böyük dəstəyi ilə qələbə qazanan “Turan Tovuz” liderlik postunu qoruyur. İlk hissədə geri düşməsinə baxmayaraq, dərhal reaksiya verən və hesabı bərabərləşdirən tovuzlular ikinci hissənin əvvəlində də fərqlənməklə üstünlüyü ələ aldı. Fasilədən sonra daha yaxşı oyun sərgiləyən “Turan Tovuz” vacib məqamda qələbə qazandı.

“Şamaxı” isə bəzi anlarda oyun üstünlüyünə yiyələnsə də, ciddi təhlükə yaratmaq mümkün olmadı. Müdafiə planında inamlı təsir bağışlayan “şirlər” hücumda axsayır.

Sumqayıt – Araz-Naxçıvan 3:2

Azarkeşləri önündə iki dəfə geri düşməsinə baxmayaraq, ardıcıl vurduu qollarla qələbə qazanan “Sumqayıt” daha istəkli idi. “Araz-Naxçıvan” bu mövsüm qeyri-stabil oyun sərgiləyir. “Sumqayıt” qarşısında epizod yaratmaqda çətinlik çəkən naxçıvanlılar turnir cədvəlində 6-cı sıraya geriləyib.

“Sumqayıt” qələbə sayəsində 5-ci pilləyə qalxıb. “Kimyaçılar” Saşa İliçin rəhbərliyi altında bu mövsüm ev oyunlarında daha dinamik futbol sərgiləyir. Hücum potensialı da yaxşı olan “gənclik şəhəri” təmsilçisi avrokubok mübarizəsində yer alacağını göstərir.

Sabah – Qəbələ 1:0

Tura Masazırda yekun vuruldu. Məhsuldarlığı aşağı olan matçda hər iki tərəf kifayət qədər qol epizodu yaratdı. Xüsusilə “Qəbələ” ilk hissədə bir neçə real qol şansı yaxalasa da, dəyərləndirə bilmədi. Komandanın bu mövsüm problemli yeri də məhz budur. Hər oyun 4-5 və daha çox qol fürsəti yaxalayan bölgə klubunda realizasiya problemi var.

“Sabah” isə uğurlu seriyasına davam edir. Çempionatda son 7 matçda məğlub olmayan “bayquşlar” 18 xalla 4-cüdür və bir oyunu ehtiyatdadır. Son turların ən formada komandası olan “Sabah” “üçlük”dən bir xal geri qalır. Növbəti turda “Zirə” ilə “Turan Tovuz”un dueli var və bu matç “Sabah”ın turnir cədvəlində daha da irəliləməsi üçün yaxşı fürsət oalcaq.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
60
futbolpress.az

1Mənbələr