AZ

Dünya tarixində "dron müharibələri" Azərbaycanın kəşfidir - Prezident təyinat verdi...


Aydın Mirzəzadə: “44 günlük müharibə zamanı PUA-ların geniş imkanları bu sahədə sıçrayış yaratdı”

“Pilotsuz uçuş aparatlarını müharibədə məhz birinci Azərbaycan tətbiq edib”. Bunu Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı deyib.

O deyib ki, şanlı Vətən müharibəsinin hər bir mərhələsi, hər bir günü öyrənilir, öyrənilib və bir çox beynəlxalq hərbi ali məktəblərində də tədqiq edilir: “O cümlədən pilotsuz uçuş aparatlarının tətbiqi. Müharibədə məhz birinci biz bunu tətbiq etmişik. Bu gün müasir müharibələri bunsuz təsəvvür etmək mümkün deyil. Yəni bunun təməlini biz qoymuşuq və bu gün bu istiqamətdə Azərbaycanda çox böyük işlər görülür. Biz bu məhsulları həm xarici bazarlardan tədarük edirik, eyni zamanda, özümüz də bir çox növdən ibarət pilotsuz uçuş aparatlarını istehsal etməyə başlamışıq və bunu davam etdirəcəyik. Burada da, təbii ki, Azərbaycan elmi ictimaiyyəti üçün çox böyük fəaliyyət meydançası yaradılır”.

“Azərbaycan dünənki təcrübənin üzərində dayanmır, daima bütün sahələrdə, o cümlədən, hərbi-texniki sahədə də tədqiqatlar aparır, yeni təkliflər irəli sürür”

Millət vəkili Aydın Mirzəzadə“Bakı-Xəbər”ə şərhində bildirdi ki, bu gün Azərbaycan qeyri-neft sektorunun inkişafı ilə bağlı çox ciddi addımlar atır: “İlkin nəticələr müsbət effekt verməkdədir. Pilotsuz uçuş aparatları məhz Azərbaycan tərəfindən ilk dəfə Vətən müharibəsində geniş istifadə edilib. Pilotsuz uçuş aparatlarının uğurlu istifadəsi Azərbaycanın ikinci Qarabağ müharibəsində qələbəsinin həlledici amili oldu. Azərbaycanın bu təcrübəsi dünya ölkələrinin diqqətini cəlb etdi. Görünən ondan ibarətdir ki, istənilən hərbi əməliyyatların zərbə qüvvəsi məhz pilotsuz uçuş aparatları ilə həyata keçirilir. Azərbaycanbu gün həmin aparatların istehsalında yaxından iştirak edir. Məhsullarımıza dünya bazarında böyük tələbat var. Eyni zamanda, Azərbaycan dünənki təcrübənin üzərində dayanmır, daima bütün sahələrdə, o cümlədən, hərbi-texniki sahədə də tədqiqatlar aparır, yeni təklifləri irəli sürür. Bu isə o deməkdir ki, Azərbaycan məhsulu dünya bazarında tələb olunanlar sırasına yer alır. Azərbaycanın müstəqil dövlətçiliyi, ölkə başçısı İlham Əliyevin uğurlu daxili-xarici siyasəti suverenliyimizin ciddi bir faktora çevrilməsinə səbəb olur”.

Millət vəkili onu da əlavə etdi ki, həmişə hansısa silah çıxarılanda silahın inkişafı ilə bərabər o silahlara qarşı olan müdafiə sistemləri paralel olaraq inkişaf edir: “PUA-ların inkişafı ilə paralel olaraq PUA-lara qarşı olan vasitələr, silahlar və yaxud sistemlərin istehsalı və bu sahədə tədqiqatlar, demək olar ki, paralel aparılır. 44 günlük müharibə zamanı PUA-ların geniş imkanları bu sahədə sıçrayış yaratdı və artıq bu gün elə bir hərbi sənaye kompleksi tapmaq olmaz ki, bu sahədə tədqiqatlar aparılmasın”.

Günel CƏLİLOVA

Seçilən
40
baki-xeber.com

1Mənbələr