AZ

Azərbaycan hərbi sənayedə innovasiyaları tətbiq edən ölkələrdəndir - AÇIQLAMA

“Qeyri-neft sektoru artıq ÜDM-dəki artımın əsas hərəkətverici qüvvəsinə (drayverinə) çevrilməkdədir”.


Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov Manset.az-a açıqlamasında deyib. 


“Cənab Prezidentin çıxışı zamanı toxunduğu məsələlərdən biri də ÜDM-dəki (Ümumi Daxili Məhsul) artım tempi ilə bağlı olub. Cənab Prezidentin qeyd etdiyi kimi, ÜDM-də artım tempinin yüksək olmasına baxmayaraq, qeyri-neft sektorunda daha yüksək artım müşahidə edilir. İlin ilk 9 ayı ərzində ÜDM 1,13%, qeyri-neft sektoru isə 2,19% artım göstərib. Bu isə o deməkdir ki, qeyri-neft sektorundakı artım ümumi iqtisadi artımı təxminən iki dəfə üstələyir. Bu, təbii olaraq, iqtisadiyyatda qeyri-neft sektorunun payının artması mənasına gəlir. Bu kontekstdə iqtisadiyyatın müxtəlif sahələri, xüsusilə sənaye və hərbi sənayenin inkişafı diqqət mərkəzindədir”. 

Deputat qeyd edib ki, Azərbaycan bu gün hərbi sənayedə innovasiyaları tətbiq edən ölkələrdən biridir. 

“Sənayenin inkişafını prioritet istiqamət elan edən dövlətin əsas məqsədlərindən biri sənaye məhsullarının istehsalının genişləndirilməsi və bu sahəyə daha çox investisiya cəlb etməkdir. Artıq Azərbaycan hərbi sənaye məhsullarını ixrac edir. Bu isə, bir tərəfdən, idxaldan asılılığın azalması, digər tərəfdən isə ölkəyə daha çox valyutanın daxil olması baxımından mühüm əhəmiyyət daşıyır”.

Vüqar Bayramov son olaraq vurğulayıb ki, xüsusilə postmüharibə dövründə hərbi sənayenin ölkə sənayesinin aparıcı istiqamətlərindən birinə çevrildiyini müşahidə edirik. 


Fidan Vəlisoy 

Seçilən
39
manset.az

1Mənbələr