AZ

Hibrid avtomobillərə güzəştlər dəyişir: Real təsir, yoxsa süni bahalaşma cəhdi?

“Hibrid avtomobillərinin satışına tətbiq edilən güzəştlərin dəyişməsi qiymət artımına müəyyən təsir edə bilər. Çünki bazarda elə qruplar var ki, istənilən kiçik siqnalı qiymətləri qaldırmaq üçün bəhanə kimi istifadə edirlər”.

KONKRET.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.

O, bildirib ki, hibrid avtomobillərinə verilən güzəştlər tamamilə ləğv olunmur və onsuz da onlar uzunmüddətli mexanizm kimi nəzərdə tutulmayıb:

“Buna görə də bu dəyişiklik qiymətlərə ciddi təsir göstərməyəcək. Əgər bu güzəştlər ümumiyyətlə olmasaydı belə, bugünkü qiymətlərin bundan daha yüksək olacağı ehtimal olunmur. Sadəcə fərq ondadır ki, bu mexanizm qalarsa, müəyyən endirimlər və təşviqlər vasitəsilə avtomobil bazarında dinamika yarana bilərdi. İndi isə bəzi satıcılar bundan istifadə edərək, “güzəştlər yoxdur, qiymətlər qalxacaq” kimi fikirlərlə süni bahalaşma yaratmağa cəhd edə bilərlər. Mənim vurğulamaq istədiyim məhz budur”.

Ekspert bildirib ki, digər vacib məsələ odur ki, xaricdə istehsal olunan və Azərbaycana idxal edilən nəqliyyat vasitələrində rentabillik nəzərə alınmalıdır:

“Yəni hər kəs istədiyi qiymətə avtomobil gətirə bilməz, bazarda rəqabət var. Rəqabət olduğu təqdirdə qiymətlər də optimal formada formalaşır. Əks halda qiymətlərin ucuzlaşması real görünmür.

Bundan əlavə, ölkəyə gətirilən avtomobillərin servis təminatı, ehtiyat hissələrinin mövcudluğu və texniki xidmət imkanları da ciddi sual doğurur. Çünki müasir dövrdə alıcı sadəcə maşın almır, həm də uzunmüddətli istifadə üçün uyğun infrastruktur tələb edir. Bu sualların cavabı isə hələlik tam aydın deyil”.

Onun sözlərinə görə, bu gün insanlar daha məlumatlıdır, internet dövrüdür və artıq kimsəni asanlıqla aldatmaq mümkün deyil, bazarda şəffaflıq və rəqabət mütləq olmalıdır.

Seçilən
37
1
konkret.az

2Mənbələr