AZ

Yevgeni Kukseviç: “Bu cür istəkli, əzmkar olmaq vacibdir”

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Yevgeni Kukseviç bu gün Liviya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, millimiz Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində təşkil edilmiş 6-cı İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün Liviyanı 5:4 hesabı ilə məğlub edib.

Yevgeni Kukseviç maçtdan sonra Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“İlk növbədə komanda uzvlərinin birliyini və həvəsini qeyd etmək istərdim. Məncə, bu əsas məqamlardan biri idi. İlk dəqiqədə qol vurduq, amma bəzi səhvlərə yol verdik və məğlub duruma düşdük. Fasilədə apardığımız söhbət ikinci hissədə effektini və zəif olmadığımızı göstərdi. Daha güclü ola, fərqli hesabla qələbə qazana bilərdik. Səhvlər etsək də, uşaqların ürəyindəki istək, gözlərindəki alov sayəsində qələbə qazandıq. Əlbəttə, bu cür istəkli, əzmkar olmaq vacibdir.

Azərbaycandan gələn və tribunada bizi dəstəkləyən insanların rolu da az olmadı. Onların səslərini eşidir, dəstəyini hiss edirdik. Təbii ki, onların dəstəyi futzalçılara əlavə güc, həvəs verirdi.

Oyunçular deyilənləri diqqətlə dinləyir, meydanda tətbiq etməyə çalışırlar. Düzdür, bunu bəzən sona qədər edə bilmirlər, amma onlarda güvən görürəm və bu güvən sayəsində yaxşı işlər görəcəyik”.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
73
15
arena.az

10Mənbələr