AZ

İmişlidə “Pambıq Təmizləmə Zavodu”nda 41 nəfərin yerinə 11 nəfər işləyir – əməkhaqqı hamıya yazılır? – VİDEO

İmişli rayonundan olan Vətən müharibəsi qazisi Gülalıyev Ülfət Şamxal oğlu iddia edir ki, İmişli rayonunda yerləşən “Pambıq Təmizləmə Zavodu”nda işə düzəldikdən cəmi 10 gün sonra haqsız yerə işdən uzaqlaşdırılıb. Qazinin sözlərinə görə, müəssisədə əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulur.

NOCOMMENT.az xəbər verir ki, Ülfət Gülalıyev Patrul.az redaksiyasına bildirib ki, müəssisənin ştat cədvəlində 41 nəfərin adı qeyd olunsa da, real iş prosesində bu qədər işçi fəaliyyət göstərmir:

“Zavodda gündəlik işi cəmi 10–11 nəfər görür. Amma sənədlərdə 41 nəfərin adı var. Həmin işçilərin bəziləri ümumiyyətlə işə gəlmir, bəziləri isə gələndə günün yarısına qədər işləyib gedirlər. Buna baxmayaraq, onların maaşı tam şəkildə yazılır.”

Qazinin iddiasına görə, o, bu vəziyyətlə bağlı narazılığını və şəffaflığın təmin olunmasını tələb etdikdən sonra rəhbərlik tərəfindən işdən uzaqlaşdırılıb:

“Mən yalnız ədalət istədim. Dedim ki, hamı kimi mənim də haqqım verilsin, işləməyənlərə maaş yazılmasın. Bundan sonra məni işdən çıxardılar və 10 günlük əməkhaqqımı da ödəmədilər.”

Hazırda Gülalıyev Ülfət işdən uzaqlaşdırılması və əməkhaqqının ödənilməməsi ilə bağlı müvafiq dövlət qurumlarına müraciət etməyi planlaşdırır.

Qazinin dedikləri ilə bağlı İmişli “Pambıq Təmizləmə Zavodu”nun rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.

 

Seçilən
28
nocomment.az

1Mənbələr