AZ

Şəhid Məmmədəliyev Saday Rza oğlunun xatirəsinə Aza kəndində anım tədbiri keçirilib

Şəhid Məmmədəliyev Saday Rza oğlunun xatirəsinə Aza kəndində anım tədbiri keçirilib

 

Bu gün Ordubad rayonunun Aza kəndində 44 günlük Vətən müharibəsi qəhrəmanı, şəhid Məmmədəliyev Saday Rza oğlunun anım tədbiri keçirilib.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, eləcə də kənd ictimaiyyəti iştirak edib.

Anım mərasimi Aza kənd qəbiristanlığında şəhidin məzarı başında keçirilib. Məzarı üzərinə tər gül dəstələri düzülüb, ruhuna dualar oxunub, ailəsinə dərin ehtiram bildirilib.

Rayon İcra Hakimiyyətinin nümayəndəsi çıxış edərək bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımız xalqımızın yaddaşında əbədi yaşayacaq.

“Bu gün azad, qalib ölkə kimi başımızı uca tutmağımız, məhz şəhidlərimizin və qazilərimizin fədakarlığı sayəsində mümkün olub. Hər bir şəhid ailəsinə diqqət və qayğı göstərmək bizim mənəvi borcumuzdur,” – deyə o vurğulayıb.

Tədbirdə şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov çıxış edərək şəhid Sadayın ailəsinə başsağlığı verib, bütün şəhid ailələrinə güc və səbir arzulayıb:

“Biz hamımız bir ailəyik — şəhidlərimizin ruhu bizi birləşdirir. Saday kimi oğulların qəhrəmanlığı hər bir azərbaycanlının qəlbində daim yaşayacaq.”

Çıxış edən şəhid Eyvazov İslamın anası Aytən xanım isə bütün şəhidlərin igidliyindən danışaraq onların ailələrinə dərin minnətdarlıq hissi ifadə edib:

“Bu torpaq onların qanı ilə azaddır. Şəhidlərimizin ailələri bizim üçün ən uca dəyərdir. Onların göstərdiyi rəşadət gələcək nəsillər üçün örnəkdir.”

Tədbirdə iştirak edən digər natiqlər, Sadayın döyüş yoldaşları, müəllimləri və kənd ictimaiyyəti nümayəndələri də onun mərdliyindən, Vətən sevgisindən, döyüşlərdə göstərdiyi şücaətdən danışıblar.

Qeyd edək ki, Məmmədəliyev Saday Rza oğlu 1 mart 1998-ci ildə Ordubad rayonunun Darkənd kəndində anadan olub. O, Azərbaycan Ordusunun əsgəri kimi 44 günlük Vətən müharibəsində iştirak edərək Füzuli, Cəbrayıl, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə böyük igidlik göstərib.

9 noyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. 

 

Tədbirin sonunda şəhidin məzarı önündə dualar oxunub, ailəsinə və bütün şəhid ailələrinə dərin hörmət və ehtiram bildirilib.

Şəhidin anası göstərilən diqqətə və qayğıya görə Ali Baş komandan İlham Əliyevə, dövlət qurumlarının rəhbərləriə və tədbir iştirakçılarına təşəkkür edib.

Bəxtiyar Əliyev

"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi



Seçilən
58
herbiand.az

1Mənbələr