AZ

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi açılıb

Qarabağ Dirçəliş Fondu tərəfindən təşkil olunan “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” fotosərgisi noyabrın 5-dən etibarən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında nümayiş olunur.

XQ xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) dəstəyi ilə təşkil olunan sərgi noyabrın 12-nə qədər davam edəcək.

Ümumilikdə 25 fotodan ibarət olan sərgi hava limanının 1-ci Terminalının “Duty Free” (beynəlxalq gediş) və baqaj alınma (beynəlxalq gəliş) zonalarıda təşkil edilib.

Britaniyalı yazıçı Qrem Vilsonun eyniadlı kitabında yer alan təsirli fotolar əsasında təşkil olunan sərginin keçirilməsində məqsəd işğaldan azad edilmiş ərazilərdə aparılan irimiqyaslı bərpa-quruculuq işləri ilə bağlı həm ölkə ictimaiyyətini, həm də ölkəmizə gələn xarici qonaqları məlumatlandırmaq, günü-gündən dirçələn və inkişaf edən doğma Qarabağın yeni simasını fotoşəkillər vasitəsilə əyani şəkildə nümayiş etdirməkdir.

İşğaldan azad edilmiş ərazilərdə çəkilmiş fotoşəkillərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyata keçirilən bərpa və quruculuq işlərinin miqyası, tarixi-mədəni irsin bərpası və sosial infrastrukturun inkişafı öz əksini tapıb. Eyni zamanda sərgidə Qarabağın zəngin təbiəti və nadir flora-faunası da xüsusi yer tutur.

Heydər Əliyev adına Beynəlxalq Hava Limanında nümayiş olunan sərgi daha sonra Bakının iri ticarət mərkəzlərində və bir neçə digər məkanda təşkil olunacaq.

Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu yarandığı gündən etibarən Qarabağla bağlı həqiqətlər, eləcə də işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri ilə bağlı maarifləndirmə və zəruri təşviqat işləri həyata keçirməkdədir.

Seçilən
24
5
xalqqazeti.az

6Mənbələr