AZ

Ölkənin iqtisadi qüdrətini artıran siyasət

Yeniazerbaycan saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Regionların inkişafına dair proqramların icrası Azərbaycanın simasını dəyişib

2004-cü ildən uğurla icra olunan regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları ölkəmizin bütün şəhər, qəsəbə və kəndlərinin simasını köklü şəkildə dəyişib, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açıb. 20 ildən artıqdır ki, icra olunan regional inkişaf proqramları sayəsində ölkəmizdə iqtisadiyyatın dinamik və davamlı inkişafı təmin olunub, liberal bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaların fəaliyyətinə geniş imkanlar yaradılıb. Eyni zamanda, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılması genişlənib. Nəticə etibarilə yürüdülən bu siyasət ölkənin iqtisadi qüdrətinin artırılmasına dəyərli töhfələr verməklə, beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldib.

Ümumi daxili məhsul 3,4 dəfə artıb

Dövlət Proqramları çərçivəsində görülmüş işlər ölkədə həyata keçirilən ümumi sosial-iqtisadi inkişaf siyasətinə ciddi dəstək vermiş və nəticədə 2004-2024-cü illərdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 3,4 dəfə, o cümlədən qeyri-neft sektoru 2,9 dəfə artıb. Bu dövrdə sənaye real ifadədə 2,8 dəfə, o cümlədən qeyri-neft sənayesi 2,8 dəfə, kənd təsərrüfatı 1,9 dəfə yüksəlib. Strateji valyuta ehtiyatları 2004-cü ilə nisbətən 45,4 dəfə artaraq 82 milyard dollar səviyyəsini keçib. Dövlət proqramlarının icrası dövründə xarici ticarətin coğrafiyası daha da genişlənmiş, onun əmtəə strukturu təkmilləşmişdir. Bu dövrdə Azərbaycan 190-a yaxın ölkə ilə xarici ticarət əməliyyatları aparmış, qeyri- neft ixracı 4,8 dəfə artıb.

Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da öz müsbət əksini tapmışdır. Təsadüfi deyildir ki, Dünya Bankının “Doing Business 2019” hesabatına görə Azərbaycan əvvəlki illə müqayisədə reytinqdə 32 pillə irəliləyərək, 57-ci yerdən 25-ci pilləyə yüksəlib. Sənədə əsasən, 10 indikatordan 8-i üzrə öz mövqeyini daha da yaxşılaşdıran Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub.

2,2 milyondan çox yeni iş yeri yaradlılıb

Mövzu barədə “Yeni Azərbaycan”a danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, regionların sosial-iqtisadi inkişafı Azərbaycan üçün ən aktual məsələlərdən biridir. Bu istiqamətdə həyata keçirilən sistemli addımlar uğurla davam etdirilir. Onun sözlərinə görə, ölkəmizdə uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları Azərbaycanın bütün şəhər və rayonlarının simasının əsaslı şəkildə yenilənməsini təmin etməklə, hərtərəfli inkişafını gücləndirib.

Dövlətin sosialyönümlü iqtisadiyyat quruculuğu və insanların layiqli iş yerləri ilə təmin edilməsi istiqamətində apardığı siyasət öz müsbət tövhəsini vermiş, ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2004-2024-cü illər ərzində 2,2 milyonu daimi olmaqla, 2 milyondan artıq yeni iş yeri yaradılıb ki, iş yerlərinin də 75 faizi regionların payına düşür.

Sənayenin maşınqayırma, metallurgiya, kimya, mebel, toxuculuq, qida və digər sahələrində dinamik artım baş vermiş, dünya iqtisadiyyatının böhranla üzləşdiyi dövrdə belə Azərbaycan sənayesinin qeyri-neft sektorunda inkişafa nail olunub. Regional inkişafla bağlı dövlət proqramları çərçivəsində qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədilə regionlarda sənaye parklarının, sənaye məhəllələrinin yaradılması istiqamətində xeyli işlər görülüb, 9 sənaye parkı yaradılıb.

Qarabağ və Şərqi Zəngəzur regional inkişafa töhfə verir

F.İbrahimovun sözlərinə görə, hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.

Bu gün işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına inteqrasiyası uğurla həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpa-quruculuq prosesinə infrastruktur layihələrindən başlanılıb. “Artıq son statistika göstərir ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 50 mindən artıq vətəndaş çalışır. Bu isə regionların inkişafında yeni mərhələnin başlandığını göstərir. İşğaldan azad olunmuş ərazilərimiz həm iş yerlərinin yaradılması, həm də iqtisadi fəaliyyətlərin genişləndirilməsi baxımından mühüm rol oynayır. Lakin təkcə Qarabağ və Şərqi Zəngəzur deyil, digər iqtisadi rayonların da potensialından səmərəli istifadə olunmalı və bu bölgələrə də sərmayələr cəlb edilməlidir. Regionların inkişafı və paytaxtla bölgələr arasında tarazlığın qorunması ölkənin uzunmüddətli iqtisadi strategiyasında əsas prioritetlərdən biri kimi qiymətləndirilir”.

Yeganə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
1
yeniazerbaycan.com

2Mənbələr