AZ

Milli kimlik və varlığımızın tək şərti

Deputatdan SOS: “Azərbaycan dili üzərində böyük təzyiq var”

Azərbaycan Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi zamanı çıxışında bir çox məsələ ilə yanaşı, Azərbaycan dilinin qorunması ilə bağlı narahatlığını da dilə gətirib. Ölkə başçısı vəziyyətin qaneedici olmadığını bildirib:  “Dilimiz çox zəngindir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti”.

Ölkə başçısı qeyd edib ki, hər bir millət, hər bir xalq üçün ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, buna heç bir gərək yoxdur. Yəni biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm”.

Prezidentin fikirləri bu gün dilimizin saflığının və əhəmiyyətinin qorunmasının nə qədər vacib olduğunu bir daha ortaya qoyur. Son illərdə ana dilimizə yad və qəribə sözlərin daxil olması, xüsusilə televiziyalarda, yazılı mediada və sosial şəbəkələrdə Azərbaycan dilinin saflığının pozulması ciddi problemə çevrilib.

Dilin təmizliyi sözsüz ki, həm də mili kimliyimizi qorumağımızın göstəricisidir. Əgər neqativ tendensiya davam edərsə, gələcək nəsillər öz dilini, mədəniyyətini və kimliyini itirə bilər. Bu səbəbdən dilimizin qorunmasına dair maarifləndirmə işləri daha da genişləndirilməlidir. Bu istiqamətdə media, məktəblər, universitetlər və mütəxəssislər aktiv rol oynamalıdırlar. Hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənclər, öz dilini sevib, onu qorumaq üçün təşviq edilməlidir. Təkcə dövlətin deyil, cəmiyyətin bütün təbəqələrinin bu məsələyə biganə qalmamaları və dilin saflığının qorunmasına öz töhfələrini vermələri vacibdir. Bu yolla biz öz dilimizi, mədəniyyətimizi və milli kimliyimizi gələcək nəsillərə çatdırmaqda uğur qazana bilərik.

Hikmət

Hikmət Babaoğlu

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycan Prezidenti AMEA-da çıxışı zamanı Azərbaycan dilinin qorunmasından danışaraq dili milli varlığın əsas vasitəsi kimi göstərib. Deputat vurğuladı ki, ölkə başçısı Azərbaycan dilinə qarşı təzyiqlərin, bəzən isə təxribatların olduğunu dilə gətirib: “Bu, əslində dilimiz, onun üslubu, işlənməsi ilə bağlı mövcud reallığın ictimai diqqətə təqdim edilməsi, akademiyanın bu problemlərin həlli üçün səfərbər edilməsinə çağırış idi. Dil kütləvi hadisə olduğu üçün bu, sadəcə, akademik səviyyədə həll olunacaq məsələ deyil, dilin qorunması xalqın, ictimaiyyətin vəzifəsidir. Genetik olaraq dil daşıyıcısının vəzifəsi və borcudur.

Təəssüf ki, hazırda Azərbaycan dili üzərində böyük təzyiqlər var. Təzyiqləri qruplaşdırmağa çalışsaq, görəcəyik ki, bunların bir hissəsini müasir texnologiyalar, sosial şəbəkələr, qlobal informasiya məkanı yaradır. Dil “simvollaşdırılır”, “işarələşdirilir”, leksik ehtiyatlar məhdudlaşdırılır. Bu isə dil daşıyıcılarının gündəlik danışığında özünü büruzə verir. Leksik yaddaş kiçildikcə dil fondu zədələnir. İkinci məsələ film fondunun inkişafı və informasiya məkanına daxil olması ilə bağlıdır. İnternet resurslarında istənilən filmin müxtəlif proqramlar vasitəsilə izlənməsi yeni nəslin dil yaddaşını zədələyir. Müxtəlif dillərin təqdimatı dil yaddaşı tərəfindən mənimsənilir. Nəticə etibarilə Azərbaycan dilində səlis danışmaq, dilin leksik fondunu mənimsəmək çətinləşir.

Diqqətçəkən digər amil elektron media təqdimatlarıdır. Müxtəlif verilişlərdə dil təhrif olunur, yaxud düzgün tələffüz olunmur. Beləliklə, dil deformasiyaya məruz qalır. Ədəbi dil normaları qorunmadığı üçün jarqon, ləhcə və məişət dili normaya çevrilir. Bu baxımdan televiziyaların üzərinə çox böyük məsuliyyət düşür. Bəzən aparıcılar sözləri düzgün tələffüz edə bilmirlər. Zamanla bu, bir növ dəbə çevrilir. Mənə elə gəlir ki, ictimai, humanitar institutlar daxil olmaqla, cəmiyyətin bütün intellektual təbəqəsi dilimizin keşiyində durmağı bacarmalıdır. Akademik səviyyədə isə dilimizin zənginləşdirilməsi üçün addımlar atılmalıdır. Orfoqrafiya lüğətində sözlərin sayını süni surətdə artırmağa ehtiyac yoxdur. Lüğətə Prezidentin dediyi kimi, əzəli olaraq öz dilimizdə olan sözləri daxil etməklə zənginləşdirmək olar. Təəssüf ki, o sözlərin əksəriyyətini ləhcələrdə, dialektlərdə görsək də, lüğətə gətirib ədəbi dilin məhsuluna çevirə bilmirik. Əksinə, xarici dillərdən alınma yad sözlərdən istifadə edirik. Halbuki o sözlər ana dilimizdə mövcuddur. Ya həmin sözləri arxaikləşmiş hesab edirik, ya da məişət sözü kimi qəbul edirik. Nəticədə dilin imkanları məhdudlaşır. Odur ki, bu istiqamətdə mühüm addımlar atılmalı, Azərbaycanın intellektual ordusu Prezidentin fikirlərini bir növ fəaliyyət proqramı kimi qəbul etməlidir".

Hazırladı: Nigar Həsənli

Seçilən
181
musavat.com

1Mənbələr