AZ

Zəfər günü: Son 200 ilin ən möhtəşəm qələbəsi – Azərbaycanın qalibiyyət dastanı! – ÖZƏL

"8 Noyabr - Zəfər Günü, ümumiyyətlə, son 200 illik Azərbaycan tarixinin ən möhtəşəm qələbə bayramıdır. Azərbaycan son iki əsrdə ilk dəfə olaraq itirdiyi torpaqları müharibə yolu ilə, qalib dövlət kimi geri qaytarıb".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, bu, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tam bərpasıdır. Sözsüz ki, bu Qələbə, gələcək yüzilliklərdə də tarix kitablarında qızıl hərflərlə yazılacaq. Bu gün Azərbaycan xalqının qüdrətini, əzəmətini, cəsarətini və birliyini göstərən əsl Zəfər Günüdür.

"Qalib dövlət statusu həm ölkəmizin siyasi nüfuzuna, həm regiondakı roluna, həm də beynəlxalq aləmdəki mövqelərinə yeni imkanlar açıb. Artıq 5 ildir ki, Azərbaycan qalib ölkə kimi tanınır, onun yaratdığı reallıqla regionda və beynəlxalq arenada hər kəs hesablaşır. Azərbaycanla imzalanan bütün müqavilə və razılaşmalarda milli maraqlarımız nəzərə alınır.
Bu beş il ərzində əldə edilən uğurları sadalamaqla bitirmək mümkün deyil. Hər il Azərbaycanın nüfuzu daha da artır, dost və tərəfdaş dövlətlərlə münasibətlər müsbət istiqamətdə dəyişir. Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində özünəməxsus rola malikdir. Bu, istər Cənubi Qafqaz məsələsində, istər qonşu ölkələrlə münasibətlərdə, istərsə də Avropa İttifaqı, ABŞ və yaxın Şərq dövlətləri ilə əməkdaşlıqda aydın görünür. Azərbaycan BMT də daxil olmaqla bir çox beynəlxalq təşkilatlarda irəli sürdüyü təşəbbüslərlə hesablaşılan ölkədir. Beş il ərzində əldə olunan nailiyyətlər yalnız başlanğıcdır - qarşıda bizi daha böyük uğurlar gözləyir," - deyə ekspert fikirlərinə əlavə edib.

Ş. Ağayevin sözlərinə görə, zəfər müharibəsindən sonra aparılan antiterror əməliyyatları, əldə edilən sülh razılaşması, kommunikasiyaların açılması istiqamətində atılan addımlar Azərbaycanın regionda söz sahibinə çevrildiyini sübut edir. Azərbaycan bu gün Cənubi Qafqazda və yaxın Şərqdə mühüm siyasi aktor, beynəlxalq təhlükəsizliyin təminatında əhəmiyyətli rol oynayan bir dövlətdir. Bütün bu proseslər nə bir müsahibədə, nə də bir çıxışda tam şəkildə ifadə oluna bilər. Qələbədən sonra Azərbaycan üçün çox böyük imkanlar açılıb və bu imkanlar gələcəkdə daha da genişlənəcək.

Ekspert qeyd edib ki, bu il keçirilən Zəfər paradı həm Azərbaycanın gücünü, həm də regionun gələcək təhlükəsizlik arxitekturasını nümayiş etdirəcək mühüm hadisədir. Azərbaycan hər zaman sülh tərəfdarı, sülhsevər dövlət olub. Amma eyni zamanda göstərib ki, əgər beynəlxalq hüquq prinsipləri işləmirsə, ədalət bərqərar olmursa, o zaman Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi gücünü nümayiş etdirməyə qadirdir.

"Parad zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistanın Baş naziri və Azərbaycan Prezidenti birgə iştirak edəcəklər. Bu fakt Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan qardaşlığının, dostluğunun bir daha bütün dünyaya nümayişi olacaq. Bu üç dövlətin birliyi gələcək regional münasibətlərin formalaşmasında mühüm rol oynayacaq. Onların qarşılıqlı əməkdaşlığı regionda və onun hüdudlarından kənarda sülhün, sabitliyin və inkişafın təminatında əsas amillərdən biri kimi qəbul ediləcək. Bütün bunlar müstəqil, qüdrətli və getdikcə daha da möhkəmlənən Azərbaycanın beynəlxalq mövqelərini bir daha dünyaya nümayiş etdirəcək," - deyə siyasi şərhçi sonda vurğulayıb.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
olaylar.az

1Mənbələr