AZ

Sofiyada keçirilən konfransda Bakı şəhərinin “Rəqəmsal əkiz”i layihəsi təqdim olunub

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada Beynəlxalq Nəqliyyat Forumu (BNF) və “Eurostat”ın təşkil etdiyi “Məlumatlara əsaslanan qərar qəbuletmənin təşviqi” mövzusundakı konfransda təmsil olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə 20-yə yaxın ölkənin mütəxəssisləri səmərəli və dayanıqlı şəhər mobilliyi sistemlərinin formalaşdırılmasında rəqəmsallaşmanın rolunun gücləndirilməsinə dair müzakirələr aparıblar. Sessiyalar zamanı iştirakçılar ölkələrinin təcrübələrini bölüşüblər.

Azərbaycan nümayəndə heyəti Bakının “Rəqəmsal əkiz”i mövzusunda təqdimatla çıxış edib. Şəhər mobilliyinin idarə olunması, məlumat inteqrasiyası və qərar qəbuletmə proseslərinin təkmilləşdirilməsində bu layihənin rolu vurğulanıb. Təqdimat iştirakçılar arasında böyük maraq doğurub, sürətlə böyüyən şəhərlərdə rəqəmsal texnologiyaların nəqliyyatın planlaşdırılması və monitorinqini asanlaşdırmasına dair uğurlu nümunə kimi qiymətləndirilib.

Tədbir Azərbaycanın rəqəmsal transformasiya və dayanıqlı nəqliyyat istiqamətlərində əldə etdiyi nailiyyətləri bölüşməsi üçün mühüm platforma rolunu oynayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
7
azertag.az

9Mənbələr