AZ

Dövlət Vergi Xidmətimin rəisi: Dəyişikliklərin nəticəsində dövlət büdcəsinə əlavə 623 mln. manat vəsait daxil olacaq

"Vergi Məcəlləsinə dəyişiklik 3 əsas blokdan ibarət olmaqla ümumilikdə 45 maddə üzrə 145 yeniliyi əhatə edir. Layihənin əsas istiqamətləri investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması, vergi daxilolmalarının və büdcə gəlirlərinin səmərəli tənzimlənməsi, vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi və “kölgə iqtisadiyyatı” ilə mübarizənin gücləndirilməsindən ibarətdir".

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətimin rəisi Orxan Nəzərli Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında deyib:

Dəyişikliklər iqtisadiyyatın bir sıra strateji sektorlarını – yerli avtomobil istehsalı, gəmiqayırma, neft-qaz sənayesi, dövlət-özəl tərəfdaşlığı, balıqçılıq, kənd təsərrüfatı, ictimai iaşə və əmək bazarını əhatə edir. Bu istiqamətlər üzrə vergi siyasətinin çevikləşdirilməsi və güzəşt mexanizmlərinin tətbiqi iqtisadi aktivliyi artırmaq, ixrac potensialını genişləndirmək və dövlət gəlirlərinin sabitliyini qorumaq məqsədi daşıyır.
İnvestisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması istiqamətində regionların, xüsusilə Naxçıvan Muxtar Respublikasının və işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi inkişafına xüsusi diqqət yetirilib.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən, lakin mərkəzləşdirilmiş qaydada uçota alınan iri vergi ödəyicilərinin həmin ərazilərin rezidenti kimi tanınması və güzəştlərdən yararlanması bu bölgələrin investisiya cəlbediciliyini, ixrac potensialını və infrastruktur inkişafını daha da gücləndirəcək.

Daha bir sıra güzəştlər var ki, onlar da real iqtisadiyyata müsbət dinamika verəcək. Bunlar kənd təsərrüfatı üzrə güzəştlərin balıqçılıq məhsullarına şamil olunması, ictimai iaşə sahəsində nağdsız dövriyyəyə görə vergi güzəştlərinin tətbiqi fiziki şəxslərin xaricdən əldə etdiyi dividendlərə vergi endirimi, media və dövlət sektoruna aid digər güzəştlərin müddətinin uzadılmasıdır.
Həmçinin avtomobil sənayesi üzrə yük və minik avtomobilləri üçün ƏDV güzəştlərinin verilməsini, kənd təsərrüfatı gübrələri və dövlət-özəl tərəfdaşlığı layihələrində ƏDV güzəştlərinin tətbiqini də vurğulamaq istərdim.

Nəhayət daha bir istiqamət vergi nəzarəti mexanizminin təkmilləşdirilməsi, kölgə iqtisadiyyatına qarşı mübarizənin davam etməsi olacaq. Bu istiqamətdə nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə nağdsız ödəmələrə münasibətdə ƏDV qeydiyyat limitinin 2 dəfə artırılması, “ƏDV gerial” mexanizminin tətbiqinin genişləndirilməsi, fiziki şəxslərin kirayə gəlirləri üzrə vergi dərəcələrinin endirilməsi, “üfüqi monitorinq” nəzarət sisteminin tətbiqi, qanunsuz sahibkarlıqla mübarizənin gücləndirilməsi və vergi uçotunun şəffaflığının artırılması kimi tədbirləri əhatə edir".

O.Nəzərli Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin gözlənilən nəticələrinə də toxunub:

"Layihənin dövlət büdcəsinə təsirləri də aidiyyəti dövlət qurumları ilə birgə müzakirə edilmişdir. Dəyişikliklərin nəticəsində dövlət büdcəsinə əlavə 623 mln. manat vəsaitin daxil olması proqnozlaşdırılır. Digər dəyişikliklər isə daha çox uzunmüddətli perspektivdə öz təsirini göstərəcək. Xaricdən əldə edilən dividend gəlirləri üzrə vergi dərəcəsinin azaldılması xaricdə yerləşən maliyyə vəsaitlərinin və investisiyaların Azərbaycana repatriasiyasını və gəlirlərin könüllü bəyan edilməsini təşviq edəcək. Dövlət-özəl tərəfdaşlığı layihələri, avtomobil istehsalı, gəmiqayırma, balıqçılıq, kənd təsərrüfatı və ictimai iaşə sahələrində tətbiq olunan vergi güzəştləri həmin sahələrdə əlavə dəyərin və istehsal həcmlərinin artmasına səbəb olacaq. Həmçinin, bərbər və gözəllik sahəsində xidmətlər üzrə “ƏDV geri al” mexanizminin tətbiqi bu fəaliyyət sahələrinin şəffaflaşmasına mühüm töhfə verəcək".

Seçilən
58
11
teleqraf.com

10Mənbələr