AZ

Mərkəzi Gömrük Hospitalında vəfat etmiş şəxsin ailəsi pula görə məhkəməyə verildi: “Ödəməsəydik, heç əməliyyat eləməzdilər”

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Mərkəzi Gömrük Hospitalında vəfat etmiş şəxsin ailəsi pula görə məhkəməyə verilib. Ailəyə qarşı iddia qaldıran isə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsidir. Hospital bu qurumun tabeliyindədir.

Bizimyol.info xəbər verir ki, xəstə mayın 29-da səhhətindəki problemlərlə əlaqədar hospitala gətirilib. Mayın 30-da əməliyyat olunub, ertəsi gün isə vəfat edib.

Xəstənin yaxınlarından 9200 manat pul tələb olunub. Ailə əvvəl 7000 manatı hospitala ödəyib. Sonra daha 1000 manat ödəniş olunub.

Buna baxmayaraq, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi israr edib ki, ailə qalan 1200 manatı da ödəsin. Bu tələblə də məhkəməyə müraciət olunub.

Cavabdeh – hospitalda vəfat etmiş xəstənin həyat yoldaşı ona qarşı qaldırılmış iddia tələbini qəbul etməyib. O, bildirib ki, hospitalda ödənişi əvvəldən tələb edirlər. Onlar da öncədən 7000 manat ödəniş ediblər: “Əgər ödəniş etməsəydik, heç həyat yoldaşımı əməliyyat eləməzdilər. Sonra da bizə borc barədə heç bir məlumat verilməyib. Yoldaşım mayın 30-da əməliyyat olundu, 31-də vəfat etdi”.

Məhkəmə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin iddiasını təmin edib. Qərar çıxarılıb ki, ailə 1206 manat 23 qəpik pulu Mərkəzi Gömrük Hospitalının hesabına ödəsin. Üstəlik, məhkəməyə müraciətə görə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin ödədiyi 42 manatlıq rüsum da cavabdeh tərəfin üzərinə qoyulub. Ailə bu pulu da onlara verməlidir.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
bizimyol.info

1Mənbələr