AZ

“Çelsi” Bakıya asan qələbə üçün gəlmişdi, amma “Qarabağ” onlara dərs verdi

Məlum olduğu kimi UEFA Çempionlar Liqasının 4-cü turunda Azərbaycan təmsilçisi “Qarabağ” növbəti dəfə Avropa futbol ictimaiyyətini heyrətləndirib. Qurban Qurbanovun komandası İngiltərənin çoxmilyardlıq nəhəngi “Çelsi” ilə 2:2 hesablı bərabərlik əldə edərək, tarixə düşəcək nəticəyə imza atıb.

Bu nəticə sayəsində “Qarabağ” xal hesabını 7-yə çatdıraraq, turnirin ilk “24-lüyünə” düşmək şanslarını daha da artırıb. Matç təkcə idman nəticəsi ilə deyil, həm də maddi güc nisbətinə baxmayaraq göstərilən oyunla diqqət çəkib.

Dünyanın aparıcı idman portalları və televiziya kanalları Azərbaycan çempionunun bu nailiyyətindən geniş yazır. Sosial şəbəkələrdə “Qarabağ”ın göstərdiyi oyun “əsl döyüş ruhu”, “inanılmaz fədakarlıq” kimi şərhlərlə müşayiət olunub.

Maraqlıdır ki, iki klub arasında dəyər fərqi təxminən 1 milyard 116 milyon avrodur. “Transfermarkt”ın məlumatına görə, “Çelsi”nin heyəti 1,140 milyard avro, “Qarabağ”ın isə cəmi 24,83 milyon avro dəyərində qiymətləndirilir. Lakin bu fərq “köhlən atlılar”ın mübarizə əzmini qırmayıb, əksinə, onları daha da ruhlandırıb.

Qeyd edək ki, “Çelsi” təkcə İngiltərə Premyer Liqasının ən titullu klublarından biri deyil, həm də son Klublararası Dünya Çempionatının qalibidir. Belə bir komanda ilə səfər və ya ev şəraitində bərabərlik əldə etmək Azərbaycan futbolunun tarixində mühüm mərhələ hesab olunur.

"Çelsi” üçün “Qarabağ”la oyun çətin keçib".

Bunu İngiltərənin “Çelsi” klubunun baş məşqçisi Entso Mareska mətbuat konfransında deyib. O, “Qarabağ”a qarşı keçirdikləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyunundan sonra fikirlərini bölüşüb:

“Heyətimizdə zədəli oyunçular var idi. Meydandakı düzülüşü düzgün etməyə çalışdıq. Qarşılaşmaya yaxşı başladıq, hətta qol da vurduq. Təəssüf ki, daha sonra qapımızda iki qol gördük. İkinci hissədə müəyyən dəyişikliklər etdik. Komandamız 3 gündən bir oyun keçirir. Bizim üçün ağır gecə idi. Doğrusunu söyləmək lazımdırsa, pis qollar buraxdıq”.

O, Ağdam təmsilçisinin meydanda özünü yaxşı tərəfdən göstərdiyini vurğulayıb:

“Qarabağ”ın yaxşı komanda olduğunu daha əvvəldən demişdim. Onlara qarşı çıxış etmək bizim üçün çətin idi. Çempionlar Liqasında hər cürə nəticəyə hazır olmaq lazımdır”.

Bəs "Qarabağ"ın növbəti oyunlarından hansı gözləntilər var?

Tanınmış

Futbol mütəxəssisi Kənan Məstəliyev mövzu ilə bağlı Musavat.com-a danışıb:

"Möhtəşəm gecə idi. “Qarabağ” qələbəyə bərabər xal qazandı və rəqib Bakıdan yalnız bir xalla xilas ola bildi. Halbuki, bu oyunda “Çelsi” rahatlıqla məğlub da ola bilərdi, “Qarabağ” tam mənada qələbəni haqq edirdi. Bu sözləri söyləmək insana xüsusi zövq verir. Axı söhbət bütün mümkün Avropa kuboklarını, daxili çempionatları qazanmış, son olaraq da Klublararası Dünya Çempionatının qalibi olmuş bir klubdan - “Çelsi”dən gedir. Dünyanın ən zəngin, ən parlaq futbolçulardan qurulmuş bu komandanın heyətinin dəyəri təxminən 2 milyard avro civarındadır.

Yəni qarşıda duran komanda sadəcə güclü deyil, futbolun əfsanələrindən ibarət bir nəhəng idi. Amma həmin nəhəng Bakıdan yalnız bir xalla qayıda bildi və buna şükür etməlidir. Çünki “Qarabağ” bu gecə dünya səviyyəli futbol nümayiş etdirdi".

Futbol mütəxəssisi vurğulayıb ko, "Qarabağ" ötən gecə sadəcə müdafiə olunmadı, müasir futbolun bütün elementlərindən yararlandı:

"-Topu pasla müdafiədən çıxarmaq,

-cinahlar boyu oyun qurmaq,

-rəqibi öz üzərinə çəkməklə onun müdafiə xətlərində boşluq tapmaq,

-presinq vasitəsilə topu ön xətdə qazanmaq və hücumda təhlükə yaratmaq.

Bu, Qurban Qurbanovun taktiki dahiliyinin və komandanın peşəkar hazırlığının bariz göstəricisidir. “Qarabağ” meydanda təkcə futbol oynamadı - rəqibin bütün saymazyana münasibətinə cavabı futbolla, ağılla və mübarizə ilə verdi.

“Çelsi” komandası bu oyuna laqeyd yanaşmışdı. Onlar Bakıya yalnız oynayıb çıxmaq üçün gəlmişdilər. Nə mətbuat konfransını, nə də oyunöncəsi məşqini burada keçirdilər. Üstəlik, start heyətindəki 11 futbolçudan 7-si ikinci heyətin oyunçuları idi. Açıq şəkildə “Qarabağ”a yuxarıdan aşağı baxırdılar, düşünürdülər ki, rahatlıqla bir ayaqla qalib gəlib, 3 xalı rahatlıqla aparacaqlar. Amma “Qarabağ” onlara dərs verdi.

Bu nəticə ilə komanda artıq növbəti mərhələyə çıxmaq şansını ciddi şəkildə artırıb. İndi “Qarabağ”ın qarşısında cəmi bir qələbə qalır. Qurban Qurbanovun komandasını daha diqqətli və daha inamlı oyunlara kökləyəcəyinə şübhə yoxdur.

Əlbəttə, qarşıdakı “Liverpul” səfəri asan olmayacaq. Amma bu komanda “Çelsi” kimi nəhənglə bacardığını sübut etdikdən sonra, daha çətin rəqiblərə, o cümlədən “Napoli” və “Ayntraxt”la maçlarda da xal qazanmaq gücündədir.

Əminəm ki, “Qarabağ” növbəti oyunlarda da fantastik tarix yazmağa davam edəcək. Komanda 10-11 xalla qrup mərhələsini tamamlayaraq, Çempionlar Liqasının pley-off mərhələsinə yüksələcək".

Xalidə Gəray
Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr