AZ

İşğaldan azad edilən ərazilərdəki vergi güzəştləri Naxçıvana da tətbiq ediləcək


İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri və vergidən azadolmalar Naxçıvan Muxtar Respublikasına münasibətdə də şamil ediləcək.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, Naxçıvan Muxtar Respublikasının rezidenti dedikdə Naxçıvan Muxtar Respublikasında və ya mərkəzləşdirilmiş qaydada vergi uçotuna alınan və bilavasitə Naxçıvan Muxtar Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşüləcək.

Naxçıvan Muxtar Respublikasının rezidentləri 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad ediləcək.

Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə vergidən azad ediləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədilə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad ediləcək.

İnvestisiya təşviqi sənədini almış Naxçıvan Muxtar Respublikasının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal və xidmətlərin göstərilməsi (işlərin görülməsi) məqsədilə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azad ediləcək.

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yaratdığı və Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən sənaye məhəllələrinin rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə ƏDV-dən azaddır.

ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan Naxçıvan Muxtar Respublikasının rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı ƏDV-dən azad edilməyəcək.

Seçilən
21
11
baki-xeber.com

10Mənbələr