AZ

Analitik: Kalının HƏMAS-la təması Ankaranın məlumatlı qərar verməsinə imkan yaradır

Qarantor ölkələrin Qəzzada atəşkəsin pozulmaması üçün daha konkret addımlar atması vacibdir

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) rəhbəri İbrahim Kalın HƏMAS nümayəndələri ilə Qəzza zolağında atəşkəs razılaşmasının həyata keçirilməsini müzakirə edib.
Bu barədə Türkiyənin NTV telekanalı kəşfiyyat qurumundakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Kalın İstanbulda HAMAS-ın Xəlil əl-Həyyanın rəhbərlik etdiyi siyasi bürosunun nümayəndə heyəti ilə görüşüb. Fələstin hərəkatının nümayəndələri İsrail tərəfindən atəşkəs pozuntuları barədə məlumat veriblər.

Siyasi şərhçi Kazım Kazımov Sherg.az-a deyib ki, qardaş Türkiyə, qarantor ölkələrdən biri kimi Fələstində baş verən prosesləri yaxından izləyir:

"Hazırda diqqət mərkəzində Qəzza zolağındakı vəziyyət dayanır. Bölgədə atəşkəs razılaşması əldə olunsa da, bu razılaşmaya tam şəkildə riayət olunmur. İsrailin son hücumları nəticəsində çox sayda fələstinli mülki şəxs həyatını itirib.
İsrail bu məsələdə HƏMAS-ı, HƏMAS isə İsraili günahlandırır. Yəni, bölgədə elə bir vəziyyət yaranıb ki, hər iki tərəf qarşılıqlı şəkildə bir-birini ittiham edir. Lakin buna baxmayaraq, təxminən bir ay əvvəlki vəziyyətlə müqayisədə atəşin müəyyən qədər səngidiyini müşahidə etmək mümkündür.
Bu prosesdə region ölkələrinin, o cümlədən Türkiyənin rolu böyükdür. Xüsusilə HƏMAS ilə Türkiyə arasında baş tutan görüşlər bu dövrdə olduqca vacib əhəmiyyət kəsb edir.  Milli İstihbarat Təşkilatının (MİT) bu məsələdə birbaşa addım atmaq səlahiyyəti yoxdur, çünki bu, siyasi xarakter daşıyan bir prosesdir və diplomatik addımlar tələb edir".

Analitik qeyd edib ki, MİT rəhbərinin HƏMAS nümayəndələri ilə görüşməsi həm məlumatlandırma, həm də nəzarət baxımından Türkiyə dövləti üçün mühüm məqamdır:
"HƏMAS tərəfindən Türkiyəyə təqdim edilən məlumatlar, gələcəkdə Ankara tərəfindən atılacaq addımların daha əsaslı və məlumatlı olmasına imkan yaradacaq. Ümumilikdə isə, qarantor ölkələrin Qəzzada atəşkəsin pozulmaması və sülh prosesinin təhlükəyə düşməməsi üçün daha konkret və aktiv addımlar atması vacibdir".

Aynur Babazadə
Seçilən
57
1
sherg.az

2Mənbələr