AZ

Türk iş adamları Tolqa Şahinin iddialarına cavab verdilər – “Belə bir adam İdarə Heyətimizdə heç vaxt olmayıb”

Türk iş adamları Tolqa Şahinin iddialarına cavab verdilər – “Belə bir adam İdarə Heyətimizdə heç vaxt olmayıb”

Son günlər Azərbaycanda bir türk iş adamının adı çox hallanmaqdadır. Sosial mediada radikal çıxışları ilə gündəmə gələn Tolqa Şahinin Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) sədr müavini olması iddiası bu şəxsin açıqlamalarına diqqəti xüsusilə artırır.

Bu barədə Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) ilə əlaqə saxladıqda, ATİB sədri Mürsəl Rüstəmov belə bir müavin və ya İdarə Heyəti üzvünün olmadığını bildirdi: “ATİB İdarə Heyətində belə bir şəxs təmsil olunmayıb və olunmur.”

Digər türk iş adamları birliklərinin də rəsmi internet saytlarında bu şəxsin hansısa rəhbər vəzifədə olmadığı görünür. Bəs kimdir Tolqa Şahin?

Hazırda Azərbaycanda fəaliyyət göstərən türk iş adamları bildiriblər ki, bu şəxs ölkədə olduğu iki il ərzində beş şirkət qurub və hər birinin də sektorda problemli şirkətlər kimi tanındığı diqqət çəkir:

“Arenol Group” MMC

“Prefabrik” MMC

“A Frame” MMC

“Lenora” MMC

“Tikinti Materiall” MMC

Maraqlıdır ki, cəmi iki ildə beş şirkət quran Tolqa Şahin barədə rəylər olduqca mənfidir. Bildirilir ki, Azərbaycanda fəaliyyəti dövründə yüzlərlə insana zərər vurub və bu əməlləri məhkəmə qərarları ilə sübut olunub. Türk iş adamlarının sözlərinə görə, Tolqa Şahin gördüyü işləri yarımçıq qoyub, aldığı ödənişləri mənimsəyib, işçilərin əmək haqlarını ödəməyərək çoxsaylı insanı aldadıb.

Tolqa Şahinin Bakı Abadlıq Xidmətinə qarşı iddialarına gəlincə, türk iş adamları hesab edirlər ki, o, bu məsələdə də manipulyasiya edir. Belə ki, əlindən alındığını iddia etdiyi Zabratdakı emalatxana binası 180 000 AZN borcu qarşılığında onun tərəfindən müqavilə ilə “Qardaşlar Prefabrik” şirkətinə təhvil verilib. Lakin Sabunçu Rayon Məhkəməsi bu satışı etibarsız sayaraq, məhkəmə qərarı və icra yolu ilə binanı 614 000 AZN borcu qarşılığında “Gənclik 94” şirkətinə verib. Yəni bütün proses hüquqi çərçivədə baş verib və buna səbəb Tolqa Şahinin öhdəliklərini yerinə yetirməməsi olub.

Türkiyənin sabiq səfiri Cahid Bağcının onun fabrikinin açılışına qatılmasını manipulyasiya kimi təqdim etməsi, on minlərlə işçisinin olduğunu iddia etməsi, evindən üç ağır silah tapılmasına baxmayaraq sərbəst buraxılması və ölkədən qayıqla qaçması bu şəxsin etdiklərini ört-basdır etmə cəhdi kimi dəyərləndirilir. Bundan əlavə, onun şəhid ailələri və qazilər üzərindən ictimai rəyi manipulyasiya etməyə çalışdığı da bildirilir.

Digər diqqətçəkən məqam odur ki, Tolqa Şahinə qarşı açılmış onlarla məhkəmə işi olsa da, onun özünün zərərçəkənliyinə dair rəsmi heç bir şikayət və ya iddia mövcud deyil. Türk iş adamları hesab edirlər ki, bu, onun əsas məqsədinin özünə qarşı olan ittihamlardan yayınmaq olduğunu göstərir. Onların sözlərinə görə, bu cür davranışlar həm Türkiyə, həm də Azərbaycan iş dünyasının etibarına zərbə vurmaq məqsədi daşıyır.

Seçilən
16
7
afn.az

8Mənbələr