AZ

Dövlət İmtahan Mərkəzi Qarabağın yaşıllaşdırılmasına dəstək vermək üçün Qarabağ Dirçəliş Fonduna 318 ağac ianə edib - FOTO

Dövlət
Dövlət İmtahan Mərkəzi (DİM) Qarabağın yaşıllaşdırılmasına dəstək vermək üçün hər bir əməkdaşının adından bir ağac olmaqla Qarabağ Dirçəliş Fonduna (QDF) ümumilikdə 318 ağac ianə edib. 6 noyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbirdə Mərkəzin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, eləcə də hər iki qurumun nümayəndələri, DİM-in 44 günlük Vətən müharibəsinə qatılan əməkdaşları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə qeyd edib ki, İkinci Qarabağ Müharibəsində əldə edilən möhtəşəm zəfər xalqımızın qürur mənbəyinə çevrilib: “Bu tarixi qələbəni bizə yaşadan Ali Baş Komandan cənab Prezident İlham Əliyevə, şəhidlərimizə, qazilərimizə, əsgər və zabitlərimizə, rəşadətli Azərbaycan ordusuna minnətdarıq. Ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət dəstəyi həmişə ön plandadır və onlar daim ölkə rəhbərinin diqqət mərkəzindədirlər. Bu sahədə Dövlət İmtahan Mərkəzi tərəfindən də müxtəlif işlər görülür. Bu istiqamətdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin ailə üzvlərinə və qazilərə mənəvi dəstək verilir, onların təhsilinə, gələcək karyeralarının planlaşdırılmasına və inkişafına əməli yardım göstərilir”. Sədr həmçinin işğaldan azad edilən ərazilərimizin bərpası, yenidən qurulması üçün cəmiyyətin hər bir üzvünün dəstək göstərməsinin vacibliyini vurğulayıb və qeyd edib ki, Qarabağın yaşıllaşdırılmasına dəstək vermək üçün Zəfər Günü münasibətilə mərkəzin hər bir əməkdaşının adından Qarabağ Dirçəliş Fonduna bir ağac ianə olunub. Daha sonra çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı tikinti quruculuq işlərinin aparılmasına diqqət çəkərək qeyd edib ki, həmin ərazilərdə yaşayış məskənlərinin və infrastrukturun yenidən qurulması ilə yanaşı, ekoloji tarazlığın bərpası da xüsusi əhəmiyyət kəsb edir. Bu günə qədər bir çox dövlət qurumlarının və şirkətlərin Qarabağ Dirçəliş Fonduna ianə etdiyini diqqətə çatdıran İdarə Heyətinin sədri bu mühüm təşəbbüsə qoşulduqları, Fonda ianə edərək Qarabağda ekoloji tarazlığın bərpasına töhfə verdikləri üçün Məleykə xanım Abbaszadə başda olmaqla Dövlət İmtahan Mərkəzinin kollektivinə təşəkkürünü bildirib, bu addımın Qarabağın dirçəlişi naminə həmrəyliyimizin təzahürü olduğunu vurğulayıb. Rəhman Hacıyev bu təşəbbüsün Qarabağda həyata keçirilən “yaşıl enerji” və “yaşıl həyat” konsepsiyalarına dəstək olduğunu bildirib və qeyd edib ki, belə addımlar həm dövlət, həm özəl sektor, həm də cəmiyyət nümayəndələrinin ortaq məsuliyyət və həmrəyliyini nümayiş etdirir. Tədbirin sonunda Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Dövlət İmtahan Mərkəzinin bütün kollektivinə göstərdikləri təşəbbüsə görə təşəkkür edib və qurumun İdarə Heyətinin sədri Məleykə Abbaszadəyə Fondun xüsusi “İanə Sertifikatı”nı təqdim edib.
Seçilən
11
1
1news.az

5Mənbələr