AZ

Azərbaycandakı tolerantlıq mühiti məqbul şərtlərdən çox yüksəkdədir

525.az saytına istinadən ain.az xəbər verir.

Bəşəri-demokratik dəyərlərin, o cümlədən insan hüquq və azadlıqlarının təmin olunmasının əsas məqsəd kimi qarşıya qoyulduğu XXI əsrdə tolerantlıq ənənələrinin təbliğini və yayılmasını, təəssüf ki, əhəmiyyətsiz hesab edənlər var. Bu cür düşünənlər dünyəvi, demokratik və hüquqi cəmiyyətlərdə tolerantlığa artıq ehtiyac qalmadığını iddia edirlər. Onların fikrincə, əgər bir cəmiyyətdə dini, milli, irqi və cinsi mənsubiyyətindən asılı olmayaraq, hər kəs öz inancına və adət-ənənələrinə uyğun yaşaya bilirsə, həmin cəmiyyəti tolerant saymaq olar. Çünki tolerantlığı təbliğ etməkdə məqsəd insanların öz inanclarına uyğun yaşamasına nail olmaqdır və hüquqi, dünyəvi dövlətlər də bunu təmin edir və ya etməlidir. Başqa sözlə, XXI əsrdə hədəf tolerantlığı yaymaq yox, insan hüquq və azadlıqlarının təmin edildiyi cəmiyyət qurmaq olmalıdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılovun dediyinə görə, bu, ilk baxışdan məntiqli yanaşma kimi qəbul edilə bilər. Amma yəqin, çoxları razılaşar ki, bu, Qərb, daha doğrusu, qərbli yanaşmasına bənzəsə də, əleyhdarları da əsasən elə qərblilərdir. Ona görə ki, tolerantlıq təkcə hüquqi deyil, həm də mədəniyyət və mənəviyyat məsələsidir. Dünyada tolerant cəmiyyətlərin tarixi yüzilliklərlə ölçülür. Amma hüquqi, demokratik, dünyəvi dövlətin tarixi iki əsrdən o yana keçmir. Deməli, tolerantlıq hüquqi dövlətin yox, mədəni və mənəvi cəhətdən inkişaf etmiş cəmiyyətin məhsuludur. Əslində, bu gün Azərbaycan və azərbaycanlıları başqalarından fərqləndirən xüsusiyyət də məhz budur. Əgər tolerantlıq bir avropalı üçün hüquqi vəzifəsidirsə, azərbaycanlı üçün mənəvi tələbat və mədəni normadır. Başqa sözlə, biz qanundan və cəzadan çəkindiyimizə görə deyil, mənəviyyatımızın və mədəniyyətimizin norması olduğu üçün tolerantıq: "Tolerantlığın minimum şərtlərinə əsasən, dini çoxluq dini azlığa nəinki hörmətlə yanaşmalı, eyni zamanda onun öz inancına uyğun yaşamasına mane olmamalıdır. Etiraf edək ki, tolerantlığın minimum şərtlərinin təmin edildiyi cəmiyyətlərlə bağlı bir neçə nümunə göstərmək mümkündür. Lakin bu şərtlərin tələblərindən artıq tolerant cəmiyyət tapmaq, nəinki tarixdə, hətta XXI əsrdə belə, müşkül məsələdir. Çünki belə cəmiyyətin formalaşması üçün yüzilliklər yox, minilliklər lazımdır. Ancaq bu, həqiqətdir ki, Azərbaycandakı tolerantlıq mühitinin səviyyəsi məqbul şərt və tələblərdən çox yüksəkdədir. Azərbaycanlılar tarixən dini azlıqlara hörmətlə yanaşaraq, onların öz inanclarına uyğun yaşamalarına nəinki mane olmayıblar, hətta öz inanclarına uyğun yaşamalarına şərait yaradıblar. Başqa ifadə ilə desək, azərbaycanlılar tarixən dini azlıqların himayədarı və mühafizəçisi qismində çıxış ediblər. Bu, təkcə azərbaycanlıların deyil, dini azlıqların nümayəndələrinin də etiraf etdikləri həqiqətdir. Məsələn, Quba rayonu, Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının sədri Boris Simanduyev rəsmi tədbirlərin birində bəyan etmişdir ki, yəhudilər öz adət-ənənələrini qoruyub saxlamalarına və bu günə qədər gətirib çıxarmalarına görə, müsəlman Azərbaycan xalqına borcludurlar. Bu cür faktlar və nümunələr kifayət qədərdir. Hətta onların içərisində elə nümunələr var ki, dünyanın hansısa ölkəsində və tarixin hansısa səhifəsində oxşarını tapmaq qeyri-mümkündür. Hazırda müxtəlif dinlərin nümayəndələri çox vaxt ya rəsmi qəbul və görüşlərdə, ya da dinlərarası dialoq və tolerantlıqla bağlı tədbirlərdə bir araya gəlirlər. Başqa sözlə, dini konfessiyaların rəhbərlərinin görüşü, hətta bir süfrə arxasında əyləşmələri və şəkil çəkdirmələri protokol qaydalarından kənara çıxmır. Lakin bu cür protokol qaydaları Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri üçün yaddır".

G.İsmayılov qeyd edib ki, müsəlmanların Ramazan ayında təşkil etdikləri iftar süfrələrində digər dinlərin nümayəndələrinin iştirak etməsi praktikası mövcuddur. Eyni zamanda, başqa dinə mənsub dövlət başçılarının, səfirlərin müsəlmanlar, xüsusilə müsəlman din xadimləri və diplomatları üçün protokol xatirinə də olsa, iftar verməsi ənənəsi də var. Amma hansı ölkədə xristian icması müsəlmanlar üçün iftar süfrəsi təşkil edir? Çətin ki, Azərbaycandan başqa belə bir ölkə tapılsın. Maraqlısı odur ki, bu ənənənin əsası tolerantlıq mühitinin daha çox hakim olduğu hansısa şəhərdə - Bakıda, Sumqayıtda, Gəncədə yox, Qəbələ rayonunda qoyulub. Bu rayonun Nic qəsəbəsində kompakt halda yaşayan udi xristianları məhz kilsədə qəsəbənin müsəlman icması üçün iftar süfrəsi təşkil etməsi bütün dünya üçün örnək nümunəyə çevrilib: "Yeri gəlmişkən qeyd edək  ki, Qafqaz Albaniyasının mədəni və mənəvi varisi sayılan udilər yüzilliklər ərzində öz etnik və dini kimliklərini qoruyub saxlayıblar. Nic qəsəbəsi Böyük Qafqaz dağlarının ətəyində, geniş düzənlikdə yerləşir. İslam dini Azərbaycanda yayıldıqdan sonra Nic qəsəbəsinin ətrafında, yüzkilometrlərlə radiusda müsəlmanlar yaşayıb, lakin udilər kompakt halda mövcudluqlarını saxlayıblar. Dünyada yüksək dağlıq ərazilərdə müxtəlif etnik qrupların öz mövcudluqlarını saxlamaları ilə bağlı xeyli nümunələr var. Lakin düzənlik ərazidə fərqli dini mənsubiyyətə malik azsaylı xalqın kompakt halda mövcudluğunu saxlaması nadir hadisədir. Bu, yalnız Azərbaycana və Azərbaycan tolerantlığına xas nümunədir.  Əslində, udilərin keçdiyi uzun tarixi yol və Nic qəsəbəsindəki bugünkü dini mühit Azərbaycanın tolerantlıq salnaməsinin ən parlaq səhifələrindəndir. Tarixi Alban kilsəsi Çar Rusiyasının məqsədyönlü siyasətinin nəticəsi kimi ləğv edilərək səlahiyyətləri və mülkiyyəti Erməni Qriqoryan kilsəsinə verilən zaman udilər buna qəti etiraz etmiş, nümayişkaranə şəkildə siyasi hakimiyyətə qarşı çıxmaqdan çəkinməmişlər. Həmin dövrdə udilərin iki seçimi var idi: onlar ya Erməni Qriqoryan kilsəsinin tabeliyinə keçib erməniləşməli, ya da ümumiyyətlə, kilsəyə getməkdən imtina etməli idilər. Udilər ikincini seçdilər və erməniləşib xristian qalmaqdansa, kilsəyə getməməyi üstün tutdular. Tarixdə bu cür hallara çox az rast gəlinir. Udilər 150 ildən artıq gözləmiş, yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra öz kilsələrini bərpa etmək imkanı qazanmışlar. Bu gün tarixi Alban-udi kilsəsinin fəaliyyət göstərdiyi Nic qəsəbəsi bütün dünya üçün kiçik tolerantlıq modeli ola bilər. Qəsəbədə xristian udilərlə yanaşı, müsəlmanlar da yaşayır və məscid fəaliyyət göstərir. Gün ərzində həm azan, həm də kilsə zənginin eşidildiyi Nic qəsəbəsində indiyədək bir dəfə də olsun, müsəlmanlarla xristianlar arasında kiçik qarşıdurma belə yaşanmayıb. Əksinə, onlar birlikdə yaşamağın ən gözəl nümunəsini yaratmaq üçün qarşılıqlı güzəştə getməkdən heç vaxt çəkinməyiblər. Ona görədir ki, bu gün Nic təkcə azərbaycanlıların deyil, hər gün yüzlərlə əcnəbinin ziyarət etdiyi, heyranlığını və heyrətini gizlətmədiyi tolerantlıq möcüzəsidir. Azərbaycanda Nic kimi örnəklər çoxdur. Onlardan biri də Oğuz şəhəridir. Azərbaycanın ən dilbər guşələrindən biri olan, Böyük Qafqaz dağlarının ətəyində yerləşən Oğuzda hər üç səmavi dinin -Yəhudiliyin, Xristianlığın və İslamın mənsubları yaşayır. Neçə əsrdir ki, Oğuzda yaşayan yəhudilər, udilər və müsəlman azərbaycanlılar təkcə bu torpağın suyunu, çörəyini, havasını deyil, həm də taleyini bölüşürlər. Onlar fərqli dinlərin daşıyıcıları olsalar da, kiçik bir şəhərdə, hətta eyni məhəllədə yaşayır, eyni məktəbdə oxuyur, eyni yerdə işləyir, amma bir-birindən cəmi bir neçə yüz metr aralı yerləşən məsciddə, kilsədə və sinaqoqda ibadət edirlər. Bu gün Oğuz şəhərində bir məscid, bir Alban-udi kilsəsi və iki sinaqoq fəaliyyət göstərir. Bu baxımdan Oğuzu tolerantlıq nöqteyi-nəzərdən Azərbaycanın kiçildilmiş modeli kimi də qəbul etmək olar. Oğuzlular üçün məscid, kilsə və sinaqoqun bir adı var: Allah evi. Bütün Allah evləri isə müqəddəsdir, hörmət və ehtirama layiqdir. Əslində, Azərbaycandakı tolerantlığın səbəbini, həm də üstün cəhətlərindən birini məhz elə bunda axtarmaq lazımdır. Azərbaycanlılar hansı dinin ibadət evi olmasına baxmayaraq, bütün məbədləri Allah evi, ora gedənləri isə Allah adamı kimi qəbul edirlər. Məscid kimi kilsəni də, sinaqoqu da Allah evi sayan, ora gələn xristianı, yəhudini də Allah adamı hesab edən bir xalqdan başqalarına zərər dəyə bilərmi? Başqalarının inancına öz inancı qədər hörmət göstərən, başqalarının məbədinə öz məbədi qədər ehtiram bəsləyən bir xalq tolerantlıq nümunəsi hesab edilməyə bilərmi? Yəqin ki, bu ritorik sualların cavabını biz yox, beynəlxalq mütəxəssislər versə, daha doğru olar. Axı bizə görə həyat tərzi olan tolerantlıq onlar üçün tədqiqat sahəsi, araşdırma predmetidir".

Sevinc QARAYEVA

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
39
525.az

1Mənbələr