AZ

MİDA-ya kiberhücumun təfərrüatı - 3,6 milyon manat ziyan vurulub

Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) elektron informasiya sisteminə qarşı 2022-ci ildə həyata keçirilmiş kiberhücumlara görə həbs edilən Ukrayna vətəndaşı İvan Kravçukun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Teleqraf xəbər verir ki, İvan Kravçuk kompüter sistemlərinə qanunsuz müdaxilə və ağır nəticələrə səbəb olan kiberhücumların təşkili ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.

İttihama görə, Kravçuk istintaqa məlum olmayan şəxslərlə qabaqcadan əlbir olaraq MİDA-nın informasiya infrastrukturuna qarşı kiberhücumlar təşkil edib. Hücumlar Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən MİDA-nın elektron saytını hədəf alıb.

Hücumlar nəticəsində MİDA tərəfindən 6 497 vətəndaşın iştirakı ilə həyata keçirilən mənzil seçimi prosesi pozulub, sistemlər bloklanıb və xidmətlərə çıxış dayanıb. Hadisə nəticəsində ümumilikdə 3,6 milyon manat maddi ziyan vurulub. Bunun 3,1 milyon manatı “ASAN” sistemlərinə, yarım milyon manata yaxını isə Mənzil İnşaat Dövlət Agentliyinə dəymiş zərər kimi qeyd olunub.

İvan Kravçuk ifadəsində Ukrayna vətəndaşı olduğunu, 2022-ci ilin əvvəlində Polşaya köçdüyünü bildirib. O, ifadəsində qeyd edib ki, “Telegram” tətbiqində tanımadığı şəxslərlə tanış olduğu zaman müəyyən elektron ünvanlara qarşı kiberhücumların təşkili ilə bağlı razılığa gəlib. Kravçuk maddi çətinliklər səbəbindən bu təklifi qəbul etdiyini deyib. O, qarşı tərəflə konkret məbləğ üzərində razılıq əldə etmədiyini, lakin külli miqdarda pul vədi aldığını söyləyib.

Cinayət işi materiallarına əsasən, 14 avqust 2023-cü ildə İvan Kravçuk barəsində Dövlət Təhlüksizliyi Xidməti (DTX) tərəfindən axtarış elan edilib. O, 17 fevral 2024-cü ildə Polşadan Azərbaycana ekstradisiya edilərək istintaqa təhvil verilib.

Səbail Rayon Məhkəməsinin hökmü ilə İvan Kravçuk 6 il müddətinə azadlıqdan məhrum edilib.
Seçilən
38
2
sherg.az

3Mənbələr