AZ

Pişiklər üçün ölümcül sayılan jest:“qəzəbli əl” təhlükəsi

Pişiklərə qarşı edilən “qəzəbli əl” jesti onların sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

AzPost “Abzas” nəşrinə istinadla xəbər verir ki, bu barədə baytar həkim Yevgeni Tsıplenkov məlumat verib.

Mütəxəssisin sözlərinə görə, insanlar çox zaman əyləncə məqsədilə pişiklərini “qəzəbli əl” hərəkəti ilə qorxudurlar – yəni barmaqlarını açıb əllərini onlara doğru uzadırlar. Lakin bu, pişiklərdə kəskin stress yaradır və hətta ölümcül nəticəyə səbəb ola bilər.

Baytar həkim bildirib ki, pişiklər emosional cəhətdən çox həssas heyvanlardır. Onlar qorxu və gərginlik hiss etdikdə, ürək ritmi sürətlənir, nəfəsalma pozulur və bədən hormon balansı dəyişir. Uzunmüddətli və güclü stress vəziyyəti isə ürək-damar problemlərinə, immun sisteminin zəifləməsinə və bəzi hallarda ölümlə nəticələnə bilər.

Tsıplenkov qeyd edib ki, pişik “qəzəbli əl” hərəkətini birbaşa hücum kimi qəbul edir və özünü qoruma instinkti ilə aqressiv reaksiya verir — dişləməyə, cızmağa və ya qaçmağa cəhd edir. Bu da həm heyvanın, həm də sahibinin xəsarət almasına səbəb ola bilər.

Mütəxəssis pişik sahiblərinə tövsiyə edib ki, heyvanlarını heç vaxt qorxutmasınlar, əksinə, onlara sakitlik və təhlükəsizlik hissi bəxş etsinlər. Onun fikrincə, ev heyvanının emosional sabitliyi onun uzunömürlülüyündə mühüm rol oynayır.

AzPost.az

Seçilən
18
1
azpost.info

2Mənbələr