AZ

Deputat: Azərbaycan müdafiə və milli təhlükəsizlik sahəsində tarixi dönüş əldə edib

BAKI, 7 noyabr. TELEQRAF

"Son 20 ildə Azərbaycan müdafiə və milli təhlükəsizlik sahəsində tarixi dönüş əldə edib. 2005–2025-ci illər ərzində bu sahəyə təxminən 58 milyard manat vəsait yönəldilib".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin bu gün keçirilən birgə iclasında deyib.

Onun sözlərinə görə, vəsaitlər sayəsində Silahlı Qüvvələrin texniki təminatı, şəxsi heyətin hazırlığı və müdafiə sənayesi tamamilə yeni səviyyəyə yüksəlib:

“Ən əsası bu vəsaitlər ərazi bütövlüyümüzün bərpasına, müasir və çevik ordu modelinin qurulmasına xidmət edib.
2026-cı il üçün “Müdafiə və milli təhlükəsizlik”bölməsi üzrə 8 milyard 714 milyon manat vəsait nəzərdə tutulur. Bu, əvvəlki illə müqayisədə 318 tam onda 5 milyon manat çoxdur və ümumi büdcə xərclərinin 21 faizini təşkil edir”.

Deputat bildirib ki, hazırda isə müdafiə sahəsində elmi-tədqiqat və innovasiya istiqamətlərinə ayrılan vəsait ümumi xərclərin 1 faizinə belə çatmır:

“Halbuki, bu rəqəm müasir dövrdə daha çox ola bilər. Biz artıq XXI əsrin “intellektual savaşları” dövrünə qədəm qoymuşuq - burada silahın sayından çox, ağlın gücü, texnologiyanın üstünlüyü, süni intellektin tətbiqi həlledici rol oynayır.
Bu baxımdan təklif edirəm ki, növbəti illərdə müdafiə xərclərinin 1 və ya 2 faizi elmi-tədqiqat və innovasiyalara, 2 və ya 3 faizi isə kibermüdafiə, rabitə və kadr hazırlığına yönəldilsin”.

Seçilən
27
3
teleqraf.com

4Mənbələr