AZ

Azərbaycan dilinin düzgün tətbiqi mövzusunda konfrans keçirilir

Azərbaycan dilinin düzgün tətbiqi mövzusunda konfrans keçirilir

Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfrans keçirilir.

Tədbirin məqsədi media mühitində Azərbaycan dilinin ədəbi normalara uyğun, səlis və düzgün istifadəsini təşviq etmək, dil mədəniyyətinin inkişafına və mediada nitq standartlarının yüksəldilməsinə töhfə verməkdir.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli jurnalistlərə açıqlamasında bildirib ki, konfrans Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında səsləndirdiyi konseptual fikirlərə əsaslanır:

“Cənab Prezident həmin tədbirdə alimlərə, yazıçılara, şairlərə, ictimai xadimlərə və xüsusilə jurnalistlərə Azərbaycan dilinin saflığının qorunması ilə bağlı mühüm çağırış etdi. Prezidentin bu fikirlərini əsas götürərək Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası ilə birgə “Media və Azərbaycan dilinin düzgün tətbiqi” mövzusunda konfrans təşkil etmişik. Bu konfrans çərçivəsində iki panel müzakirəsi keçiriləcək. Birinci paneldə televiziyada və radioda Azərbaycan dilinin tətbiqi müzakirə olunacaq, ikinci paneldə isə çap və onlayn mediada dilin işlənməsi, problemlər və yeni çağırışlar diqqət mərkəzində olacaq”.

N.Məmmədli qeyd edib ki, Prezidentin dövlət dilinin istifadəsi ilə bağlı mövqeyinə uyğun olaraq media qurumları da məsuliyyətli fəaliyyət göstərməlidirlər:

“Azərbaycan dili yalnız məişət səviyyəsində istifadə olunan dil deyil. Bu dil fəlsəfi, elmi və publisistik fikirləri yüksək səviyyədə ifadə edə bilən zəngin dildir. Medianın bu dilin qorunub saxlanılmasında böyük rolu var. Çünki Azərbaycan dilinin ən çox istifadə olunduğu əsas sahələrdən biri məhz mediadır. Bu isə jurnalistlərin üzərinə böyük məsuliyyət və öhdəlik qoyur. Biz dilimizin saflığını qorumalı, onu mənfi təsirlərdən mühafizə etməli və gələcək nəsillərə düzgün şəkildə ötürməyə çalışmalıyıq”.

Konfrans öz işini panel müzakirələrlə davam etdirir.

Seçilən
8
2
afn.az

3Mənbələr