AZ

Azərbaycanın avtomobil bazarı əsasən ölkənin gömrük qanunları və vergi qanunvericiliyinə görə tənzimlənir

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanın ən çox ixrac edilən məhsullar siyahısında avtomobillər birinci yerdə qərarlaşıb. Bizimyol.info Gürcüstan Statistika Xidmətinin məlumatlarına istinadən xəbər verir ki, yanvar-sentyabr ayları ərzində Gürcüstan xarici ölkələrə 2 milyard 3,9 milyon dollar dəyərində 82 min 527 avtomobil ixrac edib və bu, ölkənin ümumi ixracının 38,9%-ni təşkil edib. Gürcüstanın ixrac etdiyi bir ədəd avtomobilin orta gömrük dəyəri 24 min 280 dollar olub. Qeyd edək ki, Gürcüstanın satdığı avtomobillər bu ölkəyə əsasən ABŞ-dən gətirilir. Bu ilin ilk 9 ayında ABŞ-dən Gürcüstana 1 milyard 681,5 milyon dollar dəyərində 136 min 772 ədəd (bir ədədi 12 min 294 dollar) avtomobil idxal olunub. Açıqlanan məlumatda bildirilir ki, Gürcüstan bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 170,5 milyon dollar dəyərində 6 min 367 avtomobil (bir ədədi 26 min 780 dollar) ixrac edib.Gürcüstanın avtomobil ticarətində regional tranzit mərkəzə çevrilməsi Azərbaycanda avtomobil bazarına və nəqliyyat siyasətinə necə təsir edir? Bu idxal və ixrac rəqəmləri Azərbaycan avtomobil bazarına necə təsir edir?Gürcüstandan alınan avtomobillər hansı tip və kateqoriyaya aiddir?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, əvvəlki illərlə müqayisədə Gürcüstandan bizim ölkəmizə idxal olunan avtomobillərin sayı azalıb: “Gürcüstan həmişə avtomobil ticarətində Qafqaz bölgəsində tranzit mərkəzi olub. Çünki dünya okeanına çıxışı olan limanlar - istər Poti limanı, istər Batumi limanı olsun və digər limanlar Qara dəniz sahillərində Gürcüstan ərazisində yerləşir. Azərbaycanın da sifariş etdiyi, Azərbaycana da gətiriləcəyi nəzərdə tutulan avtomobillərin bir qismi dünya okeanı ilə Birləşmiş ştatlardan, hətta Avropa İttifaqı ölkələrindən, Yaponiyadan da Gürcüstanın limanlarına gətirilir və buradan da Azərbaycana daşınır. Əvvəlki illərlə müqayisədə Gürcüstandan bizim ölkəmizə idxal olunan avtomobillərin sayı azalıb. Burda iki əsas səbəb var. Birincisi bizim ölkəmizdə bilirik ki, iki il bundan əvvəl yeni qərar qəbul olunub. Yaşı 10 ildən çox olan nəqliyyat vasitələrinin avtomobillərin ölkəmizə idxalına məhdudiyyət qoyulub. İkinci səbəb isə Transxəzər marşrutu artıq aktivləşib, fəallaşıb. Uzaq şərqdən xüsusən də Çindən bizim ölkəmizə avtomobillər əsasən həmin o transxəzər marşrutu ilə daşınır”.

Eldəniz Cəfər

“Gürcüstanın avtomobil ticarəti və Gürcüstanın avtomobil bazarı ümumilikdə Azərbaycanın avtomobil bazarına o qədər də təsir edə bilmir. Azərbaycanın avtomobil bazarının özünəməxsus xüsusiyyətləri var, spesifikdir. Azərbaycanın avtomobil bazarı əsasən bizim ölkəmizin gömrük qanunlarına görə, vergi qanunvericiliyinə görə, həmçinin digər qanunlara görə tənzimlənir və bir də əsasən bizim avtomobil bazarına təsir edən amillərin ən başlıcası Azərbaycanın milli valyutası manatdır. Manatda hər hansı bir enmə və yüksəlmə olanda o dərhal Azərbaycanda avtomobil bazarına təsir edir. Sadəcə Azərbaycanda olan bir sıra rəsmi dilerlərin distributorları Gürcüstanda yerləşir. Bunun da müəyyən vaxtilə subyektiv səbəbləri olub. Avtomobil şirkətləri, istehsalçıları, rəsmi distributorluğu, baş ofisi Azərbaycanda açmaq istəyiblər, amma müəyyən səbəblərdən alınmayıb və bu səbəbdən də həmin iri avtomobil istehsalçı şirkətləri əsas regional ofislərini Gürcüstanda açıblar. Ona görə də bir çox hallarda sifariş olan avtomobillər ilk növbədə Gürcüstana daxil olur, ordan isə Azərbaycana gətirilir.

Gürcüstanın bir tranzit mərkəzinə çevrilməsində, həmçinin Gürcüstanın özündə bir sıra qanunvericilikdə olan müsbət tərəflərdir ki, bu da onlara imkan verir ki, Gürcüstan həm tranzit mərkəzinə çevrilsin, həm də avtomobil reyesportunda yenidən ixracat məsələsində daha aktiv rol oynasınlar. Biz indi görürük ki, Gürcüstanda mövcud olan qanunvericiliyə görə məsələn, avtomobillər liman olan digər ölkələrə gələ bilər və ordan paylanıla bilər, amma Gürcüstandakı liberal qanunvericilik onlara imkan yaradır ki, regionda bu məsələnin lideri olsunlar.

Gürcüstandan bizim ölkəmizə bütün növ və seqmentlərdə - istər Sedan, Off-road (yolsuzluq) maşını, Cross və sair avtomobillər daşınır. Hər bir seqmentdə avtomobillər bizim ölkəmizə gətirilir”-deyə nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
55
bizimyol.info

1Mənbələr