AZ

Aktauda Zəfər Gününün beşinci ildönümünə həsr olunan bayram tədbiri keçirilib

Astana, 7 noyabr, AZƏRTAC

Aktau şəhərində 8 Noyabr - Zəfər Gününə həsr olunan ziyafət təşkil edilib.

AZƏRTAC Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğuna istinadən xəbər verir ki, iştirakçılar Vətən müharibəsini əks etdirən fotosərgi ilə tanış olublar.

Baş konsul A.Süleymanlı çıxışında Vətən müharibəsindən sonra regionda formalaşan yeni reallıqlardan danışaraq qeyd edib ki, Azərbaycan bu gün Cənubi Qafqazın aparıcı gücü kimi sülhün və təhlükəsizliyin təminatçısına çevrilib.

A.Süleymanlı həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işləri barədə qonaqlara məlumat verib.

O, 2024-cü ilin mart ayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə etdiyi dövlət səfəri çərçivəsində prezidentlərin iştirakı ilə erməni işğalından azad edilən Füzuli şəhərində Qazaxıstan dövlətinin vəsaiti ilə inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimini xatırladıb, bu mərkəzin Azərbaycan xalqı üçün böyük hədiyyə olduğunu bildirib və Qarabağın bərpasında göstərilən qardaş köməyinə görə Qazaxıstan Prezidentinə və xalqına dərin təşəkkürünü ifadə edib.

Manqistau vilayəti Maslahatının sədri J.Matayev çıxışında Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. O, Qazaxıstanın Azərbaycanın uğurlarına sevindiyini, iki ölkə arasında strateji əlaqələrin dövlət başçılarının dəstəyi ilə daha da inkişaf etdiyini vurğulayıb.

Çıxışlardan sonra təşkil edilən ziyafətdə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradının videoçəkilişəri nümayiş etdirilib, həmçinin Azərbaycanın və Qazaxıstanın milli rəqsləri ifa olunub, konsert proqramı təqdim edilib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
115
azertag.az

1Mənbələr