AZ

BDU-da Zəfər Günü qeyd edilib

Yazını böyüt
Yazını kiçilt

Bakı Dövlət Universitetində (BDU) 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

BDU-dan hafta.az-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları universitetin əsas tədris binasında Ümummilli Lider Heydər Əliyevin büstü və BDU-nun şəhid məzunlarının xatirəsinə həsr olunmuş guşənin önünə gül dəstələri qoyublar.

Tədbir Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra BDU TV-nin Zəfər Günü ilə əlaqədar hazırladığı videoçarx nümayiş etdirilib.

BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, 8 Noyabr xalqımızın öz milli dövlətçiliyi ilə qürur hissi keçirdiyi, fəxr etdiyi tarixi bir gündür, müasir tariximizdə böyük bir mərhələnin başlanğıcıdır. Bu gün bir vaxtlar Ulu Öndər Heydər Əliyevin gələcəyə inamla söylədiyi “Bizim əsas problemimiz işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir” ifadəsinin qəhrəman oğullarımızın əzmi, iradəsi və qanı ilə gerçəkləşdiyi bir məqamdır: “Vətənin azadlığı uğrunda canından və qanından keçmiş – şəhid olmuş, yaralanmış, misilsiz hünər göstərmiş hər bir əsgər və zabitin xatirəsini dərin ehtiramla anırıq. Onların adları xalqımızın yaddaşında cəsarət və fədakarlıq rəmzi kimi əbədi yaşayacaq. Təxminən 30 il ərzində torpaqlarımızın 20 faizinin işğal altında qalmasına baxmayaraq, xalqımız ədalətə olan inamını heç vaxt itirmədi, haqq-ədalətin bərpasını səbir və təmkinlə gözlədi. Beynəlxalq aləmdə vəziyyətin sürətlə dəyişdiyi bir dönəmdə Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi altında öz dövlətçiliyini möhkəmləndirməyi, ordusunu gücləndirməyi, özünün dirçəliş və inkişaf dövrünün təməlini qoya bildi. Müdrik dövlət xadimi Heydər Əliyevin başlatdığı bu konstruktiv siyasət onun layiqli davamçısı, ölkəmizi tarixi Qələbəyə inamla aparan Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. 2020-ci ilin 27 sentyabrında atəşkəs rejimini kobudcasına pozaraq, yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriyadan istifadə edərək intensiv atəşə tutan Ermənistan silahlı qüvvələrinə qarşı Azərbaycan Ordusu bütün cəbhə boyunca əks-hücum əməliyyatına başladı və 44 gün ərzində tarixin axarını dəyişdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz parlaq hərbi strategiya, texniki üstünlük, nizam-intizam və vətənpərvərlik nümunəsi göstərdi. Müharibənin hər günü qəhrəmanlıq və birlik salnaməsinə çevrildi. Noyabrın 8-də ordumuz Qarabağın incisi, Azərbaycan mədəniyyətinin beşiyi və xalqımızın mənəvi məbədi olan Şuşa şəhərini azad etdi. Həmin andan etibarən üçrəngli Bayrağımız yenidən Qarabağ səmasında qürurla dalğalanır və bu bayraq heç bir zaman enməyəcək”.

Qələbədən sonra Azərbaycanın yeni bir tarixi dövrə — dirçəliş dövrünə qədəm qoyduğunu deyən rektor Elçin Babayev azad edilmiş torpaqlarda dayanıqlı inkişaf, innovasiya və yüksək mədəniyyət prinsiplərinə əsaslanan yeni bir həyatın başlandığını deyib: “Böyük qayıdış”, “Ağıllı şəhər” və “Yaşıl enerji zonası” proqramları dünyaya nümayiş etdirir ki, Azərbaycan təkcə müharibədə deyil, həm də sülh quruculuğu prosesində qalibdir. Biz doğma torpaqlarımıza elmi, təhsili və mədəniyyəti bərpa edən yaradıcı missiya ilə qayıdırıq. Artıq döyüş meydanındakı Qələbə zehinlərdə, qəlblərdə və mədəniyyətdə Qələbə kimi əbədiləşir. Xalqımızın ən qədim təhsil ocağı olan Bakı Dövlət Universiteti də öz məzunlarının Qələbəyə misilsiz töhfələr verməsi ilə qürur duyur”.

Milli Məclis sədrinin müavini, BDU-nun Konstitusiya hüququ kafedrasının müdiri, professor Ziyafət Əsgərov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son illərdə milli dövlətçilik tarixinin yeni — inkişaf və güclənmə mərhələsinə qədəm qoyduğunu deyib: “Zəfər Günü - ölkənin gücünü, milli birliyini və şəhidlərimizin əziz xatirəsini yaşadan bir tarixdir. Bu gün gələcək nəsillərə Vətən sevgisini, azadlıq əzmini və müstəqilliyimizin dəyərini çatdıran bir simvol olaraq qalacaq. Azərbaycanın işıqlı gələcəyi uğrunda canını fəda edən bütün qəhrəmanlarımızın ruhu qarşısında baş əyirik. Xalqımızın daim bir bayraq altında, birlik və qürur içində addımlayacağına inanırıq. Bu böyük Zəfərin işığında daha güclü və daha parlaq bir gələcək qurmaq əzmindəyik. Qoy Zəfərimiz əbədi olsun”.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Rizvan Nəbiyev, Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi Anar Mirzəyev, BDU-nun Jurnalistika fakültəsinin məzunu, Vətən müharibəsi iştirakçısı Daşqın Əzizov ölkəmizin tarixi Qələbənin beşinci ildönümünü böyük qayıdış, yenidən dirçəliş və Qarabağa ikinci həyat verməklə, qürurla qeyd etdiyini bildiriblər. Çıxışçılar Zəfər Gününün xalqımızın yaddaşında qürur və şərəf səhifəsi kimi əbədi qalacağına və Azərbaycanın tarixi Zəfərdən aldığı güc ilə daha da qüdrətlənəcəyinə inamlarını ifadə ediblər.

Tədbir BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin hazırladığı bədii proqramla davam edib.

Seçilən
24
1
hafta.az

2Mənbələr