AZ

Üçrəngli bayrağımız müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyidir

Balakən, 8 noyabr, Mustafa Dadaşov, AZƏRTAC

Balakən Bayraq Muzeyində 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, idarə, müəssisə, təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Bayrağı Gününə həsr olunmuş film nümayiş olunub.

Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən Turan Dibirov qeyd edib ki, Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli Sərəncamı ilə təsis edilib. Bildirilib ki, bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa edib. Əldə edilmiş zəfərlər fonunda Azərbaycan xalqı Dövlət Bayrağı Gününü tamam başqa əhvali-ruhiyyədə, böyük sevinc və qürurla qeyd edir.

Sonra Ulu Öndər Heydər Əliyevin iştirakı ilə keçirilən Şəki Olimpiya İdman Kompleksinin açılış mərasimində Azərbaycan Bayrağını dalğalandıran Turanə Məmmədova çıxış edib. Qeyd olunub ki, bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Üçrəngli bayrağımız müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyidir.

Tədbirdə mədəniyyət işçiləri tərəfindən Dövlət Bayrağı Gününə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Seçilən
73
1
azertag.az

2Mənbələr