AZ

“Uşaq hüquqları ədəbiyyatda və incəsənətdə”

Dünən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Uşaq hüquqları ədəbiyyatda və incəsənətdə” mövzusunda elmi sessiya keçirilib.

Sessiyanı muzeyin direktoru, akademik Rafael Hüseynov açaraq qeyd edib ki, 1989-cu il noyabrın 20-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikasının da iştirakçısı olduğu “Uşaq hüquqları haqqında” Konvensiya uşaqların hüquqlarının qorunması sahəsində zəruri olan standartları və iştirakçı dövlətlərin öhdəliklərini müəyyən edən əsas beynəlxalq sənəddir. Ümummilli lder Heydər Əliyev 1998-ci il mayın 19-da ölkəmizdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununu imzalamaqla uşaq və cəmiyyətin hüquqi bazasını yaratdı. “Qurani-Kərim”də də uşaqlarla bağlı belə, bir ayə var ki, ehtiyacınız olsa belə uşaqları öldürməyin. Bizim Konstitusiyamızda da, qanunumuzda da uşaq hüquqları ilə bağlı bütün məsələlər öz əksini tapıb. Uşaqların təhsil, yaşamaq, istirahət hüquqları var. Onların daha bir hüququ isə sığınmaq hüququdur–valideynə, özündən böyüklərə sığınmaq hüququ. Valideynlər uşaqların qarşısında borclu olduqları qədər, uşaqlar da onların qarşısında borcludurlar. Dünyanın hər yerində olduğu kimi, Azərbaycan ədəbiyyatında, incəsənətində də uşaqlara qayğı həmişə aparıcı mövzulardan olub.

Muzeyin direktoru ölkəmizdə uşaqlarla bağlı əsərlərin, bədii və cizgi filmlərinin kifayət qədər olmadığını, bu sahəyə diqqətin artırılmasının vacibliyini vurğuladı.

Muzeyin əməkdaşları Tomiris Babanlı, Elçin Axundov, Gülsəba Həsənova və Rəhilə Sadıqova çıxış edərək ölkəmizdə uşaq ədəbiyyatının vəziyyəti, ədəbiyyat və incəsənətdə uşaq hüquqlarının təbliği haqqında məlumat veriblər. Çıxışlarda uşaqlara malik olduqları hüquqları anlatmaq üçün maraqlı əhvalat, nağıl, hekayə və rəvayətlərin mühüm tərbiyəvi, öyrədici əhəmiyyəti vurğulanıb, bu sahədə görüləsi işlər diqqətə çatdırılıb.

Axırda akademik Rafael Hüseynov uşaqlara xoşbəxt və Zəfərli Azərbaycanda sağlam həyat və sevinc dolu günlər arzuladı.

XQ

Seçilən
37
xalqqazeti.az

1Mənbələr