Masallıda 8 Noyabr – Zəfər Günü qeyd edildi
Masallıda 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.
Vətən müharibəsinin beşinci ildönümünə və “Şuşa Şəhəri Günü”nə həsr olunan tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Məmmədov, Milli Məclisin deputatı Məşhur Məmmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər və əməkdaşları, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, şəhid ailələri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhər mərkəzində Ulu Öndər Heydər Əliyevin abidəsini və “Qəhrəmanlar Parkı – Şəhidlər Abidə Kompleksi”ni ziyarət edərək Ümummilli Liderin və şəhidlərimizin xatirəsini ehtiramla yad edib, abidələr önünə gül dəstələri düzüblər.
Daha sonra mərasim Heydər Əliyev Mərkəzinin böyük zalında “Şanlı və qürurlu Zəfər günü” adlı konfransla davam edib. Dövlət Himni səsləndirilib, Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Məmmədov iştirakçıları bayram münasibətilə təbrik edib, 8 Noyabr – Zəfər Gününün tarixi əhəmiyyəti barədə danışıb. O qeyd edib ki, bu gün xalqımızın milli birliyinin, qüdrətinin və qürurunun rəmzinə çevrilib.
Rayon rəhbəri bildirib ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müasir və müstəqil Azərbaycan bu gün Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində güclü və qalib dövlətə çevrilib: “Bu güc sayəsində xalqımız Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşərək 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazandı. 2023-cü ildə həyata keçirilən lokal antiterror tədbirləri ilə isə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.”
Millət vəkili Məşhur Məmmədov çıxışında Azərbaycanın bu Zəfərə gedən yolda keçdiyi mərhələlərdən danışıb: “Beynəlxalq güclərin illərlə həll edə bilmədiyi məsələni Azərbaycan xalqı öz iradəsi və ordusunun gücü ilə həll etdi. Ulu Öndərin “Azərbaycan dünyaya günəş kimi doğacaq” sözləri bu gün tam təsdiqini tapıb.”
İki şəhid – Aprel döyüşləri qəhrəmanı Nurlan Əsgərlinin və Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərlinin anası Ziba Əsgərova çıxışında bildirib ki, biz hər zaman qələbəyə inanırdıq. İlk qığılcımı Lələtəpədən, Aprel döyüşlərindən başlayan haqq-ədalət savaşımız Şuşada Zəfərlə tamamlandı.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı rayon şöbəsinin rəisi, polkovnik-leytenant Rəfail Xəlilov vurğulayıb ki, Azərbaycan əsgəri və zabiti böyük hünər və fədakarlıq göstərərək düşmən üzərində qələbə qazandı və şəhidlər xalqın yaddaşında əbədi qəhrəman kimi yaşayacaq.
3-cü dərəcəli “Rəşadət” ordenli Vüsal Məhərrəmovun atası Aslan Məhərrəmov isə deyib: “Bu Zəfəri övladlarımızın qanı bahasına qazandıq. Ərazi bütövlüyümüzü və müstəqilliyimizi qorumaq, bu mübarizlik ruhunu gələcək nəsillərə ötürmək hər birimizin borcudur.”
Vətən müharibəsi iştirakçısı Talıb Qəzənfərli çıxışında qeyd edib ki, biz ədaləti döyüş meydanında öz gücümüzlə bərpa etdik. Nəinki qarşı tərəfə, bütün dünyaya sübut etdik ki, Azərbaycan Ordusu qüdrətlidir.
Tədbir Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə, tanınmış müğənnilər Miriş Hüseynli, Atamoğlan Zahidov, Şahnazar Quliyev, Fürudin Səfərov və “Halay” folklor xalq kollektivinin təqdim etdiyi konsert proqramı ilə yekunlaşıb.
Akif AĞAYEV