AZ

Bakıdan Romaya uçdu, orada yoxa çıxdı - Foto

İtaliyanın paytaxtı Romada azərbaycanlı qadın - Sona Camil qızı Quliyeva itkin düşüb.

Musavat.com xəbər verir ki, Sona xanım noyabrın 3-də Bakını tərk edərək Roma şəhərinə uçub. O, hava limanına çatdıqdan sonra yaxınlarına video göndərərək “Romaya çatdım” mesajını paylaşıb. Lakin bundan sonra onunla heç bir əlaqə saxlamaq mümkün olmayıb.

Məlumata görə, Sona Quliyeva təxminən 165 sm boyunda, 50 kq çəkidə, arıq bədən quruluşludur. O, səyahət məqsədilə İtaliyaya getmişdi. Üzərindən böyük məbləğdə pul və mobil telefon daşıyırmış.

Artıq 6 gündür ki, qadından heç bir xəbər yoxdur. Ailəsi və dostları onunla nə telefon, nə də sosial şəbəkə vasitəsilə əlaqə qura bilmədiklərini bildirirlər.

Sona Quliyevanın yaxınları artıq Azərbaycanın İtaliyadakı səfirliyinə müraciət ediblər. Lakin bayram günləri ilə əlaqədar rəsmi qurumların iş rejimi məhdud olduğundan, axtarış prosesində müəyyən gecikmələr yaşanır.

Hazırda ailə Romada yaşayan azərbaycanlılara və orada olan hər kəsə müraciət edərək yardım istəyir:
“Əgər Sona Quliyevanı görən, harada olması barədə məlumatı olan varsa, xahiş edirik, bizimlə əlaqə saxlasın. Hər bir məlumat bizim üçün çox dəyərlidir”.

İtkin düşən qadının tapılması istiqamətində diplomatik və hüquq-mühafizə orqanlarının da məlumatlandırıldığı bildirilir.

 

E.MƏMMƏDƏLIYEV,
Musavat.com

48eb9a43-0acb-4b9e-a8d5-79bf18717fc7.jpeg

Seçilən
40
1
musavat.com

2Mənbələr