ABŞ-da şənbə günü 5 mindən çox aviareys gecikib və ya ləğv edilib.
Publika.az xəbər verir ki, bu barədə "FlightAware" portalı məlumat yayıb.
Qeyd edilib ki, 4 mindən çox reysin sərnişinləri gecikmələrlə üzləşib, daha minə yaxın reys isə tamamilə ləğv olunub. Bir gün əvvəl, 7 noyabrda vəziyyət daha da ağır iolub: o zaman 7 mindən çox reys gecikib, 1 025 reys isə ləğv edilib.
Federal hökumətin fəaliyyətinin dayandırılması (şatdaun) səbəbindən ABŞ administrasiyası 7 noyabrdan etibarən ölkənin bir sıra iri hava limanlarında aviaşirkətlərin fəaliyyətinə məhdudiyyətlər tətbiq edib.
Rəsmi olaraq ABŞ hökuməti 1 oktyabrdan fəaliyyətini dayandırıb. Senat hökumətin qısamüddətli maliyyələşdirilməsi ilə bağlı qanun layihəsini ardıcıl 14 dəfə razılaşdıra bilməyib. Beləliklə, ABŞ-da şatdaun başlayıb - bu, ölkə tarixində 22-ci, prezident Donald Tramp dövründə isə 4-cü dəfədir.