AZ

Aleksandr Oxrimenko: Azərbaycanın əldə etdiyi sülh modeli beynəlxalq münasibətlər üçün nümunə ola bilər- ŞƏRH

Bakı, 9 noyabr, AZƏRTAC

Cənubi Qafqazda sülhün bərqərar olacağına ümid etmək üçün artıq ciddi əsaslar var. Azərbaycan uzun illər davam edən Qarabağ problemini həll edib və bu, regionda yeni geosiyasi reallığın formalaşmasına gətirib çıxarıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ukraynalı iqtisadçı və siyasi ekspert Aleksandr Oxrimenko bildirib.

Onun sözlərinə görə, Azərbaycan xalqının və rəhbərliyinin əldə etdiyi nəticə təkcə hərbi deyil, həm də strateji baxımdan çox mühüm nailiyyətdir. “Azərbaycan rəhbərliyi çox ardıcıl və məqsədyönlü siyasət aparıb. ABŞ və Avropa dövlətlərinin yanaşmaları çox zaman ziddiyyətli və qeyri-sabit olub, məhz buna görə də bir çox münaqişələr uzun illər davam edib. Azərbaycan isə öz ərazi bütövlüyünü bərpa edərək bu məsələyə nöqtə qoydu”, – deyə Oxrimenko vurğulayıb.

Ekspert bildirib ki, Cənubi Qafqazda sülhün təmin olunması təkcə region üçün deyil, həm də beynəlxalq münasibətlər sistemi üçün nümunə ola bilər. “Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazda sabitlik və əməkdaşlıq dövrü başlayacaq. Azərbaycan artıq regionun logistika və nəqliyyat mərkəzinə çevrilmək istiqamətində mühüm addımlar atır. Orta Dəhliz, Zəngəzur nəqliyyat xətti kimi layihələr Asiya ilə Avropa arasında əlaqələrin genişlənməsində əsas rol oynaya bilər”, – deyə ukraynalı ekspert bildirib.

Oxrimenko qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi bu istiqamətdə böyük üstünlüklər yaradır: “Azərbaycan Asiya ilə Avropanı birləşdirən təbii qovşaq nöqtəsində yerləşir. Münaqişənin həlli, sabitliyin bərqərar olması bu logistika layihələrinin tam gücü ilə fəaliyyət göstərməsinə imkan verəcək. Bu, həm də regional inteqrasiyanın və iqtisadi inkişafın sürətlənməsinə səbəb olacaq”.

Ekspertin fikrincə, Ukrayna üçün də Azərbaycanın təcrübəsi müəyyən mənada örnək ola bilər. “Əgər beynəlxalq ictimaiyyət və Qərb dövlətləri Ukraynanı həqiqətən ardıcıl və real şəkildə dəstəkləsəydilər, müharibə bu qədər uzanmazdı. Azərbaycanın təcrübəsi göstərdi ki, güclü milli iradə və qətiyyətli siyasi xətt nəticə verir”, – deyə Aleksandr Oxrimenko əlavə edib.

Sonda o, qeyd edib ki, Cənubi Qafqazda sabitliyin təmin olunması və Azərbaycanın logistika mərkəzinə çevrilməsi Avrasiya məkanında yeni iqtisadi və nəqliyyat reallığı yarada bilər.

Seçilən
67
1
azertag.az

2Mənbələr