AZ

Dini dəyərlərəehtiram nümunəsi

"Azərbaycan Respublikasında din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir". 

Azərbaycan Respublikasının Konstitusiyası, II fəsil, maddə 18

Konstitusiya hər bir dövlətin siyasi, hüquqi və sosial həyatının bünövrəsini təşkil edən ali hüquqi sənəddir. Dövlətin idarəçilik formasını, vətəndaşların əsas hüquq və azadlıqlarını müəyyənləşdirən, hüquqi dövlətin fəaliyyətinin əsasını qoyan normativ aktdır. Məhz buna görə də, haqlı olaraq deyilir ki, Konstitusiya hüquqi dövlətin əsasıdır. Ölkəmizdə din və dövlət münasibətləri bu ali sənədlə tənzimlənir.

Tariximizin "Konstitusiya və Suverenlik İli"ni yaşayırıq. Dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycan Respublikasında 2025-ci il "Konstitusiya və Suverenlik İli" elan edilib. Sərəncamında qeyd olunduğu kimi: "Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir".

Konstitusiyamızın qəbul edilməsinin 30-cu ili Vətən müharibəsində qələbəmizin 5-ci ili ilə eyni vaxta düşüb. Dövlətimiz, xalqımız üçün olduqca əlamətdar olan bu iki tarixi hadisənin ildönümü 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror əməliyyatı nəticəsində suverenliyini tam bərpa etmiş respublikamızın hər yerində,  birlik, bərabərlik şəraitində qeyd olunur. 

Azərbaycan çoxmillətli və çoxkonfessiyalı bir ölkədir. Yüzillər boyu məmləkətimizdə müxtəlif dinlər - bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, islam və digər dinlər yayılıb. Ölkəmizin əhalisinin dünyagörüşündə, həyat tərzində tolerant dəyərlər tarixən mühüm yer tutub. Bu da sülhün, sabitliyin bərqərar olmasına, Azərbaycanda yaşayan insanların arasında daim dostluğun, mehribanlığın hökm sürməsinə şərait yaradır. 

Respublikamızda yaşayan bütün xalqlar və etnik qruplar bir ailənin üzvləri kimi mehriban yaşayırlar. Azərbaycan dövləti hər bir vətəndaşının öz milli adət-ənənələrini davam və inkişaf etdirməsinə, dini ayinlərin icrasına hər cür şərait yaradıb.

Müasir, dinyəvi dövlət olaraq tanınan Azərbaycan dünyaya, eyni zamanda tolerantlıq, dini dəyərlərə ehtiram nümunəsi göstərir. Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin "Multikulturalizm ili", 2017-ci ilin isə "İslam həmrəyliyi ili" elan edilməsi bu münasibətin təzahürü idi.

Prezident İlham Əliyevin bildirdiyi kimi: "Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstəribdir. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşayıblar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir, dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır".

Qürurla deyə bilərik ki, dünyada ən qədim yaşayış məskənlərindən biri sayılan məmləkətimizdə tolerant dəyərlərə bağlılıq hətta ən çətin dönəmlərdə sarsılmayıb. Ötən əsrin axırlarında, sovet ittifaqının çökməyə başladığı vaxtlarda imperiyanın müstəmləkəsindən qurtulmaq, dövlət müstəqilliyinə nail olmaq uğrunda mübarizə aparan Azərbaycan xalqı böyük faciələrlə üzləşdi. Bütün sahələrdə tənəzzülə yuvarlanan, eyni zamanda qəsbkar, təcavüzkar ermənilərlə müharibə aparmaq məcburiyyətində qalan respublikamız ağır sınaqlarla üzləşdi. Ermənistana  SSRİ rəhbərliyi tərəfindən silah-sursat və digər yardımlar göstərildi. Azərbaycan xalqından isə köhnə ov tüfəngləri belə alındı. Torpaqlarımızın iyirmi faizini qəsbkar ermənilər işğal etdilər. Təcavüzkar ermənilər minlərlə azərbaycanlını qətlə yetirdilər. Bir milyondan çox soydaşımızı yurdundan, evindən məhrum etdilər. Azərbaycanın bütün kənd, qəsəbə, rayon və şəhərlərindən vətənsevərlərimiz həmin illərdə - 1990-cı illərdə yağı düşmənlə müharizəyə qalxdılar. Bir çoxu şəhid, qazi oldu.

Ermənistan dövləti Qarabağ və Şərqi Zəngəzur torpaqlarını otuz ilə yaxın işğal altında saxladı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin təxribatı səbəbindən başlayan İkinci Qarabağ müharibəsində də respublikamızın hər yerində qəlbi vətən eşqi ilə döyünənlər könüllü döyüşə yollandılar. Arxa cəbhədə də hər bir Azərbaycan vətəndaşı göstərdi ki, dövlətinin yanındadır və ən ali məqsədi, ən uca arzusu bu ölkənin suverenliyinə qovuşmasıdır. 

Ölkəmizdə hansı xalqa, etnik qrupa, dinə məxsusluğundan asılı olmayaraq, ibadətgahlar dövlət tərəfindən qorunur, bərpa edilir. Bakının mərkəzində erməni kilsəsi belə yüksək səviyyədə bərpa olunub. Ermənistanın otuz ilə yaxın işğalda saxladığı Azərbaycan ərazilərində işğalçılar azərbaycanlıların dini ocaqlarını, məscidlərini, ibadətgahlarını dağıtmışdılar, məscidlərimizi tövlələrə çevirmişdilər. Artıq həmin məscidlər, dini abidələr də Qarabağda və Şərqi Zəngzurda həyata keçirilən Böyük qayıdış proqramı çərçivəsində bərpa olunur və ya yenidən inşa edilir.

Dövlətimizin başçısının qeyd etdiyi kimi: "Bizim qədim tariximizi əks etdirən, o cümlədən bizim dini abidələrimizdir. Bizim dini abidələrimiz, ilk növbədə, onu göstərir ki, Azərbaycan qədim diyardır. Digər tərəfdən onu göstərir ki, müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamış, yaratmış və gözəl tarixi miras qoymuşlar". 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Seçilən
54
azerbaijan-news.az

1Mənbələr