AZ

Azərbaycanın Əlcəzairdəki səfiri: Azərbaycan Ordusu xalqın birliyi və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Zəfər əldə edib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakı, 9 noyabr, AZƏRTAC

8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Azərbaycanın Əlcəzairdəki səfiri Tural Rzayevin müəllifli olduğu “Azərbaycan Zəfər Gününün beşinci ildönümünü qeyd edir” sərlövhəli məqalə ərəb və ingilis dillərində Əlcəzair, Tunis və Mavritaniyanın nüfuzlu xəbər portallarında yayımlanıb.

AZƏRTAC xəbər verir ki, məqalə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətini, ölkəmizin beynəlxalq hüquq çərçivəsində suveren hüquqlarını bərpa etməsini və bölgədə yaranmış yeni reallıqları əhatə edir. Yazıda qeyd olunur ki, 30 ilə yaxın müddət ərzində Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlamasına baxmayaraq, Azərbaycan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasını sülh yolu ilə təmin etməyə çalışmış, lakin nəticə əldə edilmədiyi üçün 2020-ci ilin 27 sentyabrında öz torpaqlarını azad etmək məqsədilə əks-hücum əməliyyatına başlamışdır.

Səfir məqalədə vurğulayır ki, 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu xalqın birliyi və Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə Zəfər əldə edib, işğal altında olan torpaqlar azad edib. Bununla da, Azərbaycanın tarixi ədaləti bərpa olunub, regionda yeni siyasi və geosiyasi vəziyyət formalaşıb. Məqalədə 2023-cü ildə həyata keçirilən lokal antiterror əməliyyatı nəticəsində suverenliyin tam təmin olunmasından bəhs olunur.

Yazıda, eyni zamanda Azərbaycanın sülh quruculuğu səyləri və Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində irəliləyişləri də diqqətə çatdırılır. Xüsusilə ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən sülh sazişinin layihəsinin paraflanmasının bölgədə uzunmüddətli sabitlik və əməkdaşlıq üçün mühüm əsas yaratdığı qeyd edilir.

Məqalədə Azərbaycanın regionda iqtisadi inteqrasiyanı dəstəklədiyi, Zəngəzur dəhlizinin açılmasının ölkələr arasında əlaqələrin möhkəmlənməsinə, ticarət və nəqliyyat əlaqələrinin bərpasına töhfə verəcəyi vurğulanır.

Bundan əlavə, 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Bayrağının tarixi və mənəvi əhəmiyyətindən bəhs edilərək, üçrəngli bayrağın 1918-ci ildə Şərqdə qurulan ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin rəmzi olduğu, bu bayrağın müstəqil Azərbaycanın azadlıq və qürur simvolu kimi dalğalandığı qeyd edilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
50
4
azertag.az

5Mənbələr