AZ

Zəfər yolumuz davam edir

Bu, dirçəliş, inkişaf və sülh yoludur

Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfər milli birliyimizin təntənəsinə çevrildi. Bu Zəfərimiz nəticəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi bərpa olundu, ölkəmizin və regionumuzun həyatında yeni bir strateji dövr başlandı. Bu gün xalqımız bütün dünyada qalib xalq kimi tanınır, Azərbaycanın təşəbbüsü ilə aparılan sülh prosesləri real nəticələr verərək Cənubi Qafqazda təhlükəsizlik, dayanıqlı inkişaf, insanların rifahı üçün möhkəm təminatlar yaradır.    

Qətiyyətin, iradənin, strateji düşüncənin gücü

Vətən müharibəsindəki tarixi qələbəmiz yalnız hərbi üstünlüyün nəticəsi deyildi. Bu, sarsılmaz xalq birliyinin, milli həmrəyliyin, illərlə formalaşmış güclü siyasi iradənin, modern ordunun və texnologiyaların birgə sintezinin parlaq təzahürü oldu. 8 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazıldı və məhz həmin - 8 noyabr Zəfər Günü kimi əbədiləşdirildi.

Bu qələbə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə, bölgədə yeni geosiyasi reallıqlar yaratmaqla yanaşı, xalqın özünəinamını daha da möhkəmləndirdi, müasir Azərbaycan dövlətçiliyinin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın tarixi Zəfəri eyni zamanda qüdrətli milli lider amilinin, siyasi iradənin, strateji düşüncəsinin gücünü bir daha göstərdi. 

Tarixi qələbəmizin mərkəzində Ümummilli Lider Heydər Əliyevin strateji inkişaf kursunu əzmlə davam etdirərək Azərbaycanı tarixinin ən möhtəşəm mərhələsinə yetirmiş Azərbaycan Prezidentinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli, ardıcıl və uzaqgörən siyasəti dayanır. Məhz İlham Əliyevin rəhbərliyi, diplomatik ustalığı və hərbi-siyasi strategiyası bu tarixi Zəfərin əldə olunmasında həlledici rol oynadı.

Zəfər bir günün nəticəsi deyildi. Prezident İlham Əliyevin illərlə qurduğu güclü dövlət siyasəti bu qələbənin təməli idi. 2003-cü ilin oktyabrından - prezident seçkilərindən etibarən dövlət başçısı Azərbaycanın hərbi gücünü artırmağı prioritet elan etdi. Ordu quruculuğuna ayrılan vəsaitlərin zaman-zaman artırılması, ən müasir texnologiya və silahların alınması, hərbi kadrların hazırlanması, ordu strukturunun yenilənməsi, müdafiə sənayesinin yaradılması, inkişaf etdirilməsi və s. bu kimi addımlarla bizi ən böyük hədəfimizə doğru irəli apardı. Bu addımlar sayəsində Azərbaycanın Silahlı Qüvvələri regionun ən güclü ordularından birinə çevrildi və 2016-cı ilin uğurlu Aprel döyüşlərindən, ardınca 2018-ci ildəki tarixi Günnüt əməliyyatından sonra 2020-ci ildə düşmən birdəfəlik məhv edildi. 

Bu illər ərzində Azərbaycan Prezidentinin fəaliyyəti təkcə hərbi sahə ilə məhdudlaşmadı, dövlət rəhbərimiz diplomatik səngərlərdə də üstünlük qazandı. İllər boyu beynəlxalq təşkilatlarda, qlobal platformalarda Azərbaycanın haqlı mövqeyini sistemli şəkildə qorudu, müdafiə etdi, gücləndirdi. Tarixi Zəfərimizin böyük dövlətlər və aparıcı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmasına, Ermənistanın yalanlarının əsaslı şəkildə ifşasına nail oldu. Azərbaycanın haqq savaşındakı bu parlaq qələbəsini, ilk növbədə, bizə dost dövlətlər, eyni tarixi dəyərləri bölüşdüyümüz, müasir dünya reallıqlarının bizi köklərimizə qaytarıb daha da doğmalaşdırdığı türkdilli ölkələr dəstəklədilər. Cənab İlham Əliyevin yürütdüyü diplomatiya xətti üç əsas prinsipə söykənirdi:

Ədalət - Azərbaycanın ərazi bütövlüyü beynəlxalq hüquqla tanınmış haqq idi.

Qətiyyət - ərazilər işğal altında qaldığı müddət ərzində status-kvo qəbuledilməz idi.

Sülh və təhlükəsizlik - regionda davamlı inkişaf yalnız işğala son qoyulmaqla mümkün idi.

Prezident İlham Əliyevin beynəlxalq arenada apardığı ardıcıl siyasət nəticəsində Azərbaycan siyasi nüfuzunu da, tarixi Zəfərimizə doğru aparan yolda da diplomatik üstünlüklərini yüksəltdi.  

Tarixi missiya

Ermənistanın təmas xəttindəki növbəti təxribatlarına qarşı həyata keçirilən və 44 gün davam edən hərbi əməliyyatlarda - Vətən müharibəsində cənab İlham Əliyevin yerinə yetirdiyi missiya Ali Baş Komandanın iradəsinin təntənəsi idi. Bu baxımdan, Vətən müharibəsi Azərbaycanın siyasi tarixində misilsiz liderlik nümunəsi oldu. 

Ali Baş Komandan həmin günlər döyüşlərin tam koordinasiyasını təmin etdi, bütün qərarları şəxsən və operativ şəkildə verdi, yüksək texnoloji döyüş taktikalarının tətbiqinə şərait yaratdı, eyni zamanda informasiya müharibəsində qətiyyətli mövqe sərgiləyərək, Azərbaycanın bu savaşda da qələbəsini təmin etdi, həmçinin ardıcıl qələbə müjdələri, aydın mesajları ilə xalqa hər gün inam və güc, qətiyyət aşıladı. Prezident İlham Əliyev televiziya müsahibələrində, müraciətlərində təmkinli, soyuqqanlı və əmin çıxışları ilə xalqın əhvali-ruhiyyəsini gücləndirir, beynəlxalq ictimaiyyətə Azərbaycanın əsl mövqeyini çatdırır, düşmənin informasiya təxribatlarının qarşısını alırdı. 

Məhz bu liderlik sayəsində Azərbaycan Ordusu bütün Vətən müharibəsi boyu hər gün  irəliləyərək Şuşa kimi strateji şəhəri  azad etdi və bu tarixi şəhərimizdə Azərbaycan bayrağının ucaldılmasından sonra düşmənin kapitulyasiya aktını imzalamaqdan savayı yolu qalmadı.  

Prezident İlham Əliyev 44 gün ərzində 30-dan çox beynəlxalq media qurumuna  müsahibə verdi. Bu, dünya praktikasında nadir hadisədir. Dövlətimizin başçısının məntiqli, arqumentli və diplomatik çıxışları Azərbaycana beynəlxalq rəğbət qazandırdı, informasiya manipulyasiyasını dağıtdı, dövlətin haqq səsini qlobal arenaya çatdırdı, dünyaya Azərbaycanın müasir, güclü və prinsipial bir dövlət olduğunu göstərdi. Bu gün cənab İlham Əliyevin apardığı müstəqil siyasətdən, müasir çağırışlara uyğun çevik qərarlar verərək onların zamanında həyata keçirmək əzmindən, vəziyyətlərə hazırlıq və imkanlardan istifadə məharətindən, eyni zamanda qonşularla sıx faydalı əməkdaşlıq, sülh, bir-birinin ərazi bütövlüyünə, dövlət maraqlarına hörmət arzusundan yaranmış bu reallıq əksər dünya dövlətləri tərəfindən rəğbətlə qarşılanır. 

Azərbaycan Prezidenti bu savaşın da qalibi oldu! Hər sözü, kəlməsi ilə... Mövqeyini bildirdi, xalqımızın ürəyindən xəbər verdi. İnsanlarımızın milli birliyindən, vətəndaşlarımızın sarsılmaz dəstəyindən aldığı güclə, inamla həm döyüş meydanındakı düşmənlərimizi, həm də beynəlxalq siyasi arenalardakı, media qurumlarındakı bədxahlarımızı zərərsizləşdirdi. Azərbaycanın haqq işinə qərəzli yanaşanları elə haqqın dili ilə susdurdu.

Azərbaycan Prezidentinin informasiya müharibəsindəki fəaliyyəti strateji qələbənin önəmli hissəsi idi.

Tarixi Zəfərimizin qazanılması ilə missiya bitmədi. Döyüş meydanında qazanılmış qələbəni, Xocalı canilərindən döyüş meydanında alınmış qisası məhz davamlı sülhə çevirmək lazım idi. Prezident İlham Əliyev bu dövrdə də çevik və uzaqgörən siyasət yürüdərək regionda yeni əməkdaşlıq modelləri qurdu, sülh təşəbbüslərini təşviq etdi, azad edilmiş ərazilərdə tarixin ən böyük yenidənqurma layihəsinə start verdi, məcburi köçkünlərin Böyük qayıdışını dövlət siyasətinin əsas prioritetinə çevirdi. Həmçinin 2023-cü ilin sentyabrında uğurla həyata keçirilmiş qısamüddətli antiterror əməliyyatı ilə Vətən müharibəsindəki Zəfəri öz tarixi nəticəsinə çatdırdı. Xankəndidə Azərbaycan bayrağı dalğalandı, ölkəmizin ərazi bütövlüyü, suverenliyi təmin olundu, bütün dünya Azərbaycanın qələbəsini qəbul etdi.   

Zəfərdən quruculuğa

Bu gün - Zəfərin 5-ci ildönümündə Azərbaycan xalqı bu Qələbənin arxasında dayanan müdrik liderlik fenomenini böyük qürur və minnətdarlıqla vurğulayır. Tarixi Zəfərimizdən sonra keçən 5 il həm də azad torpaqlarımızın dirçəlişi tarixidir. Bu illər ərzində Azərbaycan heç bir kənar ölkədən, xarici institutdan dəstək gözləmədən öz imkanları hesabına Qarabağda, Şərqi Zəngəzurda böyük miqyaslı yenidənqurma və bərpa işləri həyata keçirib və bu işləri davam etdirməkdədir. Minlərlə hektar ərazi minalardan təmizlənib, yollar, körpülər, tunellər, məktəblər, xəstəxanalar və yaşayış məhəllələri inşa edilib. Bir çox tarixi abidə, mədəniyyət məkanı bərpa olunub. Ermənilərin təxminən 30 il ərzində vandalcasına talan edib, xarabazara çevirdikləri azad yurdlarımıza həyat qayıdıb. Artıq keçmiş məcburi köçkünlərin Böyük qayıdışı bir neçə ildir ki, başlanıb və bu proses mərhələ-mərhələ davam edir. Azad edilmiş torpaqlarımızda həyata keçirilən layihələr Azərbaycanın iqtisadi gücünü və xarici tərəfdaşlarla əməkdaşlıq imkanlarını daha da genişləndirməkdədir.

Tarixi Zəfərimiz Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi, Azərbaycan Prezidenti İlham Əliyevin aşıladığı vətənpərvərlik tərbiyəsi işığında ölkəmizdə nə qədər sağlam, vətənə bağlı, güclü bir nəslin yetişdiyini göstərdi. İşğal altındakı torpaqlarımızı yaşlı nəslin təmsilçiləri ilə birgə, əsasən, bu nəslin təmsilçiləri azad etdilər.  

Beş il ərzində bu qələbə artıq yeni formalaşan nəsil üçün də müstəqillik, vətənpərvərlik və milli təəssübkeşlik simvoluna çevrildi. Məktəblərdə Vətən müharibəsi qəhrəmanları haqqında dərslər keçirilir, gənclər hərbi vətənpərvərlik ruhunda tərbiyə olunurlar. Qələbənin yaratdığı milli qürur hissi Azərbaycan cəmiyyəti üçün güclü fəxarət mənbəyidir. Tarixi Zəfərimizin bizə qazandırdığı ən böyük dəyərlərdən biri də məhz budur!

Azərbaycanın qazandığı qələbə Cənubi Qafqazda güc balansını dəyişdi və ölkəmizin regional lider rolunu möhkəmləndirdi. Azərbaycanın sülh təşəbbüsləri, iqtisadi layihələrdə iştirakçılığı və nəqliyyat-kommunikasiya layihələrində oynadığı rol Şərq-Qərb əməkdaşlığı üçün yeni imkanlar yaratdı.

Zəfər Gününün 5 illiyi yalnız bir tarixi günün qeyd olunması deyil. Bu, Azərbaycan xalqının əzminin, dövlətimizin gücünün, şəhidlərimizin əbədi xatirəsinin və ordumuzun qəhrəmanlığının təntənəsidir.

Bu gün biz təkcə keçmişə qürurla baxmırıq, həm də gələcəyə böyük inamla addımlayırıq. Azərbaycanın bərpa, inkişaf və sülh dolu yeni bir hədəfə doğru Zəfər yolu davam edir.

İradə ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
47
azerbaijan-news.az

1Mənbələr